Xaçmazda Zərifə xanım Əliyevaya həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

YAP Xaçmaz rayon təşkilatı Mərkəzi rayon Xəstəxanasının ərazi ilk partiya təşkilatı ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirib.

Konfransı giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədr müavini Sevinc Sədullayeva görkəmli alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verərək, Onun həkim olaraq, insanlara qarşı sonsuz qayğısının tükənməz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, akademik Zərifə xanım Əliyevanın hər kəsə örnək olan ana, alim və gözəl qadın olmaqla yanaşı, həm də Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olduğunu vurğulayıb. S.Sədullayeva onu da qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycana dövlətçiliyin keşiyində duran, ölkənin nüfuzunu daha da yüksəldən, onu dünya dövlətləri arasında söz sahibinə çevirən Cənab İlham Əliyev kimi siyasi Lider bəxş etmişdir: "Bunun təsdiqidir ki, aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkilərində Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyeva ocağından bəhrələnərək, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevi böyük səs çoxluğu ilə yenidən Azərabaycan Respublikasının Prezidenti seçdilər".

Konfransda həkimlərdən Nuranə Azaqova "Gözəl alim, qayğıkeş insan", Zəkiyyə Əhmədova "Görkəmli alim, xeyirxah insan" mövzularında geniş məruzə ediblər. Mərkəzi rayon xəstəxananın şöbə müdiri Əmir Əsədov akademik Zərifə xanım Əliyeva ilə şəxsi görüşünün xatirələrini konfrans iştirakçıları ilə bölüşüb.

Mərkəzi Xaçmaz rayon xəstəxanasının ilk partiya təşkilatının sədri, rayon təşkilatının idarə heyətinin üzvü Səyyaf Tağıyev çıxışında Zərifə xanımın elmi və ictimai fəaliyyəti haqqında məlumat verərək, Onun işıqlı obrazının yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacağını və qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə