Azərbaycan polisinin 100 illiyi ilə bağlı layihəyə start verilib

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşacaq “Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi 3 ay davam edəcək. Layihənin əsas məqsədi Azərbaycan Polisinin yaranmasının 100 illiyi ərəfəsində daxili işlər orqanları əməkdaşlarının torpaqlarımızın müdafiəsində göstərdiyi qəhrəmanlığı təbliğ etmək və yol hərəkəti qaydaları ilə bağlı cəmiyyəti maarifləndirməklə respublikamızda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına, cəmiyyətdə polisin ictimai nüfuzunun artırılmasına və polisə ictimai dəstək verilməsinə nail olmaqdır.

Birliyin sədri Elməddin Muradlı deyib ki, Azərbaycan polisi dövlətin formalaşmasında, milli maraqların qorunmasında, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib. Layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, yol qəzalarının əsas səbəbləri, qəzaların qarşısının alınması üçün görülməsi vacib olan tədbirlərlə yanaşı, Azərbaycan polisinin yaranma tarixi, formalaşması, Dağlıq Qarabağ müharibəsində polisin iştirakı ilə bağlı cəmiyyətə məlumat çatdırılacaq. Azərbaycan polisinin yaranmasının 100 illiyi ərəfəsində cəmiyyətdə Daxili İşlər Nazirliyinin yaradılması, daxili işlər orqanlarının keçdiyi çətin yol, torpaqlarımızın müdafiəsində şəhid olan polis əməkdaşları ilə bağlı maarifləndirmə işlərinin aparılması, cəbhəyanı ərazilərdə işləyən polislərin xidmətinin cəmiyyətə çatdırılması polisin ictimai nüfuzunun artırılmasına töhfə verəcək, ictimai dəstək olacaq.

Layihə çərçivəsində cəbhə bölgəsinə yaxın Tərtər və Ağdam rayonlarında yerli daxili işlər orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə məlumatlandırma sessiyası keçiriləcək.

Sonuncu mərhələdə isə Bakıda Azərbaycan polisinin yaranmasının 100 illiyinə həsr olunan “dəyirmi masa” təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə