Azərbaycanın sabit inkişaf modelinin qurucusu

Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında, xalqın düşüncə tərzində və oyanışında müstəsna rol oynamış dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlədib, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verib. Ulu Öndər Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, Xalqın dayağı olaraq Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar-istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövləti möhkəmlətdi və əbədiləşdirdi.

1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanın həyatında yeni dövrün əsası qoyuldu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin böyüklüyünü ifadə edən amillərdən biri də odur ki, O, mövcud vəziyyəti yetərincə qiymətləndirə bildi. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə, "Əsrin müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".

Bu gün Azərbaycanın bütün sahələrdə Ulu Öndər Heydər Əliyev əzəməti görünür. Onun Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın, bütövlükdə panoramasında özünü göstərir. Müasir həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub.

Ölkəmiz müstəqillik qazandıqdan sonra demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Belə ki, insan hüquqları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulub, eyni zamanda, bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaradıb. İnsan hüquqları amili Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin əsası olub, bu da bilavasitə Onun rəhbərliyi və təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənədlərin qəbul edilməsi ilə nəticələnib. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra dövlətimizdə insan hüquqlarının təminatlı sisteminin əsası qoyuldu. Azərbaycanın adı Şərqdə ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşdü. 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edildi. Bu, hələ ölkəmizin Avropa Şurasına üzv olmadığı vaxtlarda belə insan hüquqları sahəsində atılan ən mütərəqqi addımlardan biri idi. Azərbaycan BMT-nin insan hüquqlarının qorunmasına dair bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla, insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.

Demokratikləşməni hüquqi dövlət quruculuğunun əsas meyarı kimi qəbul edən ölkəmizin insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi önəm verməsini 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya da təsdiq edir. Bu Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan hüquqlarına böyük önəm verdiyini bir daha nümayiş etdirdi.

Ölkəmizdə insan hüquq və azadlıqlarına verilən böyük önəmin daha bir təzahürü Ulu Öndər Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı "İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmandır. Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edən bu Fərman bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə təkan verdi. Fərman əsasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı çərçivəsində isə qanunvericilik və institusional islahatlar həyata keçirildi. Həmçinin qeyd olunan Dövlət Proqramı əsasında, eləcə də ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) institutu təsis edildi.

Müasir dövrümüzdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən insan hüquqları istiqamətində ciddi işlər görülür. Azərbaycan Respublikası insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir. Belə ki, dövlətimiz insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı və s. üzvüdür. Təkcə bir faktı qeyd etmək lazımdır ki, BƏT-in 70-ə yaxın Konvensiyasına qoşulan dövlətimiz həmin təşkilatın ən mühüm partnyorlarından hesab edilir. Azərbaycan insan hüquqlarının təminatında çox mühüm addım atıb. Ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Fərmanı ilə hər il iyunun 18-i ölkəmizdə "İnsan hüquqları günü" kimi qeyd edilir. Bu isə dövlətin özünün beynəlxalq, o cümlədən mülki cəmiyyət qarşısında öhdəliklərinə bir daha qayıtması və daim xüsusi yanaşması deməkdir.

Bildiyimiz kimi, 18 mart 2009-cu il tarixdə keçirilmiş referendum insan hüquqlarının təminatında yeni mərhələnin başlanğıcını qoydu. Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi, ilk növbədə, insan hüquqlarının daha real təminatının əsası olan hüquqi dövlət-sosial dövlət münasibətlərini meydana gətirmiş, Azərbaycan Respublikasının sosial dövlət kimi möhkəmlənməsini, dövlətimizin özünün vətəndaşları qarşısında daha ciddi öhdəlik götürməsinin qanunvericilik əsaslarını müəyyən etmişdir. Bütövlükdə, referendumla Konstitusiyaya edilən əlavə və dəyişikliklər Azərbaycan Respublikasında dövlət quruculuğunun yeni mərhələsinin başlandığını bildirmiş, insan hüquq və azadlıqlarının daha real və səmərəli təmininə şərait yaratmışdır. Bu gün də müxtəlif istiqamətlərdə insan hüquqlarının real təminatı sahəsində dövlətimiz yeni-yeni beynəlxalq sazişlərə qoşulur, kifayət qədər normativ-hüquqi aktlar qəbul edilir və ya mövcud normalar təkmilləşdirilir. Əsas məqsəd isə qloballaşma və beynəlxalq inteqrasiya dövründə insan hüquqlarının daha real təminatına və bu istiqamətdə həyata keçirilən uzunmüddətli tədbirlərin davamlılığına nail olmaqdır.

Hazırda Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı 4 minə qədər qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu gün elə bir qrup yoxdur ki, onun müdafiəsi ilə məşğul olan QHT olmasın. Azərbaycandakı böyük təşkilatların Avropanın qeyri-hökumət təşkilatları assosiasiyası ilə əlaqələri mövcuddur.

Müasir dövrdə Azərbaycanda insan hüquqlarının təminatı sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Prezident İlham Əliyevin bir fikri də bizim üçün çox önəmlidir ki, fəaliyyətimizin əsasında insan amili durur və bütün fəaliyyətimizin məqsədi də Azərbaycan vətəndaşı üçün, onun bu gerçəklikdə rahat, əmin-aman yaşaması üçündür. Bugünkü Azərbaycan vətəndaşı hüquqlarını bilən və onun təminatı üçün hər bir şeyi tələb edən mübariz vətəndaşdır. Bu imkanı yaradan dövlətdir. Ümummilli Lider Heydər Əliyevin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu çoxlu sayda qəbul edilən qərar və sərəncamlardan daha aydın görmək mümkündür.

Bugünkü mövcud vəziyyət, iqtisadi inkişaf, siyasi sabitlik, eləcə də, beynəlxalq aləmdə ölkəmizə inamın və marağın artması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın diplomatik üstünlük əldə etməsi, məhz Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu

Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bəhrəsini verir və bu strategiya sayəsində dövlətimizin üçrəngli bayrağı dünyanın ən ali beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvü kimi dalğalanır. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb, dövlətimiz böyük yollar keçib.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan bütün istiqamətlərdə dünyanın dinamik inkişafda olan ölkələrdən birinə, tolerant və multikultural nümunələri ilə beynəlxalq mərkəzə çevrilib. Azərbaycan dövlətinin Qurucusu və Memarı olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi. Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri ilə fəxarət hissi keçirən Dahi Öndər Heydər Əliyev dini abidələrə, məscidlərə ehtiyatla və böyük həssaslıqla qayğı göstərdi. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənədir. Ümummilli Liderin siyasi irsinin layiqli varisi və davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən alternativsiz uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan mühüm nüfuzlu beynəlxalq tədbirlərə, müxtəlif idman yarışlarına ev sahibliyi edir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın bu tədbirlərə ev sahibliyi etməsi, təbii ki, ölkəmizdəki siyasi sabitlikdən, iqtisadi inkişafdan qaynaqlanır.

Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi və milli tariximizin şanlı səhifələridir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...