Ombdusmanın hesabatı qəbul edilib

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Milli Məclisdə 2017-ci ilin illik hesabatını təqdim edib. SİA-nın məlumatına görə, hesabatda bir sıra məsələlərə toxunulub. Bildirilib ki, məhkumların bir qismi təhvil verilmələrinə köməklik göstərilməsi ilə bağlı ombudsmana müraciət edib. Bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular verilib və müvafiq araşdırmalar aparılıb.

2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 həbs edilmiş şəxs və məhkum isə xarici dövlətlərə göndərilib.

Bundan başqa, Bakı şəhərində bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilmiş və tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin hər birinin şirkət rəhbərliyi tərəfindən ən azı 2-3 adama satılması ilə bağlı Ombudsman Aparatına müraciətlər olunub.

Qeyd olunub ki, ombudsmana edilən bəzi müraciətlərdə bir sıra mənzil-tikinti kooperativləri tərəfindən Tarif (qiymət) Şurasının tələblərinə zidd kommunal normativlərin müəyyən edilməsi, sakinlərlə bağlanılmış müqavilənin şərtlərinə əməl olunmaması və onların aldadılması kimi hallar yer alıb. Qeyd edilənlər baxımından, İqtisadiyyat və Vergilər nazirlikləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-larda birgə monitorinqlərin aparılması, qeyd edilən qanunsuzluqların aşkar edilərək qarşısının alınması üzrə qanun çərçivəsində tədbirlər görülməsi məqsədəmüvafiqdir.

Həmçinin hesabatda sosial şəbəkələrdən istifadəsi zamanı özgə adlar altında qeydiyyatdan keçərək və cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya video görüntülərdən istifadə hallarına yol verilməsi məsələsi qeyd olunub.

Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz: “Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var.

Hesabat müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...