Cəbhəyanı kəndləri birləşdirən yol əsaslı şəkildə yenidən qurulur FOTO

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulub və qurulmaqda davam edir. Agentlikdən SİA-ya verilən məlumata görə, təkcə Füzuli rayonunda bu il 5 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmaq üzrədir.

Söhbət Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna rahat çıxışa imkan verən və 13.5 km uzunluğunda olan Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq marşrutu üzrə 5 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yolundan gedir.

Yolun uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmaması yolların geyimi və yolun əsası, həmçinin torpaq yatağı deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Aparılan yenidənqurma işləri ilə sadalanan problemlər aradan qaldırılır. Məhz buna görə yolların yenidən qurulması 15 minə yaxın əhalisinin ürəyincə olub.

Əhmədalılar-Kərimbəyli-Aşağı Yağlıvənd-Qarabulaq avtomobil yolu IV texniki dərəcəyə uyğun 2 hərəkət zolağı enində yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla, yol yatağının eni 10 metr təşkil edir.

Layihə çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Texnoloji ardıcıllığa uyğun olaraq, hazırda optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlər 150 mindən kv.m-dən artıq ərazini əhatə edir.

Tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yenidən bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub. Belə ki, avtomobil yolu boyunca müxtəlif diametrli 356 paqon-metr uzunluğunda dəmir beton boruların quraşdırılması və başlıqlarının dəmir-betonla tikilərək izolyasiyası işləri aparılıb, 62 kv.m körpü məhəccəri sıradan çıxdığı üçün yenisi ilə əvəz olunub.

Tikinti norma və qaydalarına uyğun olaraq torpaq işləri yekunlaşan ərazilərdə artıq asfaltlanma işlərinə start verilib. Hazırda yolun 80 min kv.m-ə yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Tikinti işlərinin sonuncu mərhələsində isə yolda hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, 104 ədəd yol nişanı və yol göstərici lövhə, 14 ədəd km göstəricisi və 462 ədəd siqnal dirəyi quraşdırılacaq, 40 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.

Ümumilikdə, cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə