Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, ötən günlər ərzində bəzi yerlərdə yağan intensiv yağış nəticəsində Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-110, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 387 m3/s olmaqla ongünlük normanın 54 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 350 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 154 m3/s olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 138 m3/s təşkil edərək ongünlük normanın 78 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 18, Şirvanda 6, Salyanda 16, Araz çayının Novruzlu məntəqəsində 18 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 404 sm (2017-ci il aprelin 23-də 380 sm), Şirvanda 263 sm (2017-ci il aprelin 23-də 283 sm), Salyanda 191 sm (2017-ci il aprelin 23-də 211 sm), Bankədə 177 sm (2017-ci il aprelin 23-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 106 sm (2017-ci il aprelin 23-də 80 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə