Bakcell biznes qurmaq istəyən gənclərin xəyallarını gerçəkləşdirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb. Bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.

“Bakcell”in dəstəyi sayəsində icra olunan “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsində öz biznes planı ilə fərqlənmiş və fəaliyyətə artıq hazır olan bizneslərdən birinin açılışı olub. “Floristika Gül Dükanı“nın açılış mərasimində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, Bakcell şirkətinin nümayəndələri, ictimai xadimlər və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Yeni dükanın sahibi Kazımli Seymur dövlət uşaq müəssisəsində boya-başa çatıb və gənc vaxtlarından gül mağazasında köməkçi işləyib. Biznesmen olmaq arzusu ilə 7 il ərzində işçi kimi gül biznesi ilə məşğul olan Seymur öz gül mağazasını açmağa iddialı olub və mükəmməl biznes plan tərtib edərək layihədə qalib olub.

“Bakcell şirkəti ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahın yaxşılaşdırılmasına yönəlmiş bir çox layihəni uğurla həyata keçirir. Biz çox şadıq ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” ilə uzun illər öncə başlanılmış əməkdaşlığımız öz bəhrəsini verməyə davam edir və dəstək göstərdiyimiz gənclərin artıq biznes sahiblərinə çevrilməsini görməkdən qürur duyuruq” deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Süheylə Cəfərova bildirib.

“Mən uzun illərdir ki biznes qurmaq və gül dükanı açmaq arzusunda idim və bu gözəl layihə sayəsində mənim xəyallarım gerçəyə çevrilib. Əminəm ki, bu təcrübə gələcək həyatima da öz töhfəsini verəcək. Mənim üstümdə əməyi olan “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatına və “Bakcell” şirkətinə sonsuz təşəkkürümü bildirirəm”, deyə Seymur Kazımlı bildirib.

Qeyd edək ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri – Azərbaycan“ Assosiasiyasının himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdirilib. Bu biznes layihələri Bakı şəhərində “Floristika gül dükanı“ və “Çay evi”, Gəncə şəhərindən isə “Meyvə bazarı” layihələridir.

“Bu layihəyə dövlətin də yaxından dəstəklədiyi Beynəlxalq Əmək Təşkilatının (BƏT) özünəməşğulluq proqramının bir hissəsi kimi baxmaq lazımdır. Mən çox şadam ki, Bakcell şirkəti ilə başladığımız bu təşəbbüs artıq öz bəhrəsini verməyə başlayıb. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik və mən inanıram ki, gələcəkdə daha çox gənc insan bu layihədən faydalanacaq”, deyə “SOS Uşaq Kəndləri-Azərbaycan” təşkilatının Milli Direktoru Rəşad Hüseynov bildirib.

Qiymətləndirmə zamanı əsas meyarlardan biri biznes planın düzgün hazırlanması, ideyanın real bazar şərtlərində özünü nə qədər doğruldacağı, bu işdə müraciət edənin təcrübəsi və biznes planı təqdim edən gəncin sosial durumu nəzərə alınıb. Qalib gələn gənclərin hər 3-ü təqdim etdikləri biznes ideya üzrə iş təcrübələri var.

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir. Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə