Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin nümayəndə heyətini qəbul edib FOTO

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən Nazim İbrahimov bu gün Ümumdünya Ukraynalılar Konqresinin rəhbəri Yevgeniy Çoliyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Ukrayna diasporlarının qarşılıqlı əməkdaşlığı və onun perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan diasporu və rəhbərlik etdiyi qurum haqqında qonaqlara məlumat verən Nazim İbrahimov bildirib ki, son illərdə xaricdə Azərbaycan icması müxtəlif xalqların diasporu ilə əməkdaşlığı gücləndirməkdədir. Nazim İbrahimov Azərbaycan diasporu ilə Ümumdünya Ukraynalılar Konqresi arasında qarşılıqlı əlaqələrin qurulması və onun inkişaf etdirilməsinin, eləcə də dünyada güclü diasporlardan olan Ukrayna icmasının təcrübəsini öyrənməyin vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Ukrayna diasporu arasında əməkdaşlıq və koordinasiyanın qurulması, xalqlarımızı narahat edən müəyyən beynəlxalq məsələlərlə bağlı birgə fəaliyyət daha effektli ola bilər. Bir sıra beynəlxalq məsələlərdə ortaq mövqedən çıxış etməyin böyük əhəmiyyət daşıdığını vurğulayan Nazim İbrahimov tədricən Azərbaycan və Ukrayna diasporlarının birliyinə, hər iki dövləti və xalqı narahat edən problemlərin həllində birgə fəaliyyətinə nail olacaqlarını deyib.

Ümumdünya Ukraynalılar Konqresinin rəhbəri Yevgeniy Çoliy öz növbəsində bildirib ki, bu gün xarici ölkələrdə milyonlarla ukraynalı yaşayır. Çoliy bildirib ki, ÜUK-ın əsas ofisləri Kiyev və Brüssel şəhərlərindədir. Yevgeniy Çoliy rəhbərlik etdiyi qurumla Dövlət Komitəsi arasında əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib. Onun fikrincə, dünyadakı Azərbaycan və Ukrayna icmasının birgə əməkdaşlığı bir sıra ümumi problemlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında faydalı ola bilər.

Qeyd edək ki, Ümumdünya Ukraynalılar Konqresinin rəhbəri Yevgeniy Çoliy aprelin 14-dən başlayaraq Yunanıstan, Kipr və Türkiyədə səfərdə olub. Yevgeniy Çoli bu ölkələrin dövlət məmurları və Ukrayna icmaları ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə