Strateji Yol Xəritəsi üzrə işçi qrup və alt qruplarının iclasları keçirilib

2018-ci ilin I rübü və aprel ayı ərzində Energetika Nazirliyinin əlaqələndirici qurum olduğu "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair" Strateji Yol Xəritəsinin icrası məqsədilə yaradılmış işçi qrupunun və alt qrupların iclasları keçirilib. İşçi qrupunun iclaslarında Strateji Yol Xəritəsi üzrə Tədbirlər Planının icra vəziyyəti və cari ildə görüləcək işlər müzakirə edilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, qurumlar tərəfindən Strateji Yol Xəritəsinin icrası zamanı qarşıya çıxan problemlər və təkliflərlə bağlı müzakirələr aparılıb, tədbirlərin vaxtında və səmərəli yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib. Eləcə də Strateji Yol Xəritəsinin icrasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətindən irəli gələn məsələlər müzakirə edilib.

Bundan başqa “Milli istehsal portfelinin ehtiyat həcminin artırılması” prioriteti üzrə alt işçi qrupunun iclası da keçirilib. İclasda cari ildə tədbirlər planına əsasən görüləcək işlər, özəl investorlar tərəfindən elektrik stansiyalarının tikilməsi və istismarı məqsədilə mövcud qanunvericiliyə və normativ hüquqi aktlara dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlanması, istehsal güclərinin yaradılması ilə əlaqədar tədbirlər planının tərtib edilməsi, əlavə istehsal güclərinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. “Coğrafi, sosial və iqtisadi xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə optimal istilik enerjisi və isti su təchizatı sisteminin genişləndirilməsi” və “Mərkəzləşdirilmiş istilik təchizatı sistemində mövcud problemlərin qiymətləndirilməsi və aradan qaldırılması, sistemin səmərəliliyinin təmin edilməsi” prioritetləri üzrə keçirilmiş iclasda isə “Azəristiliktəchizat” ASC tərəfindən son illərdə müasir enerjidən səmərəli istifadə edən modul tipli qazanxanaların istismarı, köhnə qazanxanaların səmərəliliyinin artırılması, eyni zamanda sayğaclaşma məsələləri ilə bağlı pilot layihə çərçivəsində görülmüş işlər barədə müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında Energetika Nazirliyi 20 tədbir üzrə əsas icraçı, 23 tədbir üzrə isə digər icraçı kimi göstərilib. Energetika Nazirliyinin əsas icraçısı olduğu 8 tədbirin icrası 2017-ci ildə yekunlaşıb, 7 tədbirin icrasının 2018-ci ildə, 5 tədbirin icrasının isə 2018-2020-ci illərdə tamamlanması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə