Hava şəraiti çaylara da təsir etdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-190, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 415 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 374 m3/s olmaqla ongünlük normanın 50 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 45 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 150 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma qeydə alınıb, lakin Şirvan məntəqəsində isə suyun səviyyəsində 16 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 384 sm (2017-ci il aprelin 20-də 416 sm), Şirvanda 251 sm (2017-ci il aprelin 20-də 305 sm), Salyanda 177 sm (2017-ci il aprelin 20-də 235 sm), Bankədə 167 sm (2017-ci il aprelin 20-də 207 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2017-ci il aprelin 20-də 116 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə