Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün daha dörd sərəncam imzalayıb. SİA həmin sərəncamları təqdim edir:

İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycanda istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi) yaradılsın.

2. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Əqli Mülkiyyət Agentliyi) yaradılsın.

3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilsin.

4. Bu Sərəncamın 3-cü hissəsinə əsasən ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilsin.

5. “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin təsisçilərinin səlahiyyətlərini Dövlət Agentliyi həyata keçirsin.

6. Əqli Mülkiyyət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

6.1.2. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

6.1.3. Əqli Mülkiyyət Agentliyinin yenidən təşkili və ləğv edilməsi;

6.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

6.2.1. strukturun, işçilərin say həddinin və illik maliyyə hesabatlarının təsdiq edilməsi;

6.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

6.2.3. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;

6.3. Əqli Mülkiyyət Agentliyinə:

6.3.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

7. Əqli Mülkiyyət Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və Patent və Əmtəə Nişanları Mərkəzi öz fəaliyyətlərini davam etdirsinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Əqli Mülkiyyət Agentliyinin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. Bu Sərəncamın 4-cü hissəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansındakı əmlakın müvafiq olaraq Dövlət Agentliyinin və Əqli Mülkiyyət Agentliyinin (dövlət qeydiyyatına alındığı gündən sonra) balansına verilməsini bir ay müddətində təmin etsin;

8.6. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin balansındakı əmlakın Əqli Mülkiyyət Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Əqli Mülkiyyət Agentliyinin balansına verilməsini təmin etsin;

8.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.8. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsini təmin etsin;

2.3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təşkili üçün maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

2.4. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 73-cü ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000,0 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:

2.1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında bir sıra idxal-ixrac əməliyyatları üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun hesab edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə