Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı elmi müzakirələr aparılıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulmasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, sədr müavini Rövşən Rüstəmov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Milli Aviasiya Akademiyasının əməkdaşları – texnika üzrə elmlər doktoru, prof. Ənvər Həzərxanov texnika üzrə elmlər doktoru, prof. Ədalət Səmədov iştirak ediblər.

Tədbiri ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq son illər rəsədxanada görülən elmi işlər və beynəlxalq əlaqələr barədə gələn qonaqlara məlumat verib. Alim qeyd edib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin fizika və dinamikası” istiqamətinə daxil olan iki problem Ulduz və qalaktikaların kompleks tədqiqi və Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bundan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və başqa istiqamətlər üzrə də tədqiqatlar həyata keçirilir.

Sonra ŞAR-ın elmi işlər üzrə direktor müavini, f.ü.f.d Xıdır Mikayılov “ŞAR-ın müşahidə imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, rəsədxananın cihaz parkı və xüsusilə 2-metrlik teleskopda yaradılmış şərait müasir standartlara cavab verə biləcək astronomik müşahidələr aparmağa imkan verir.

Daha sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm”şöbəsinin müdiri, f-r.ü.f.d­­ Canməmməd Rüstəmov “Nanopeyklərdə astrofiziki problemlərin həlli” mövzusunda mə­ru­­zəsini təqdim edib. C.Rüstəmov vurğulayıb ki, nanopeyklərdə fotometrik və paralel olaraq ŞAR-ın 2 m-lik teleskopunda spektral müşahidələrin aparılması böyük kütləli parlaq ifratnəhəng ulduzlarda gedən fiziki proseslərin daha dəqiq anlaşılmasına, bu prosseslərin düzgün modelinin qurulmasına imkan verəcək.

Tədbirdə nanopeyklərdə quraşdırılacaq kiçik teleskopların optik və texniki parametrlərinin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Xüsusilə, akademik Roald Saqdeyev nanopeyklərdə astronomik müşahidələrin aparılmasına dair faydalı məsləhətlər verib.

Sonda qonaqlar ŞAR-ın muzeyi və 2 m-lik teleskopu ilə yaxından tanış olublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə