ADAU tələbələri İsmayıllı və Qəbələ rayonlarında olublar FOTO

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri İsmayıllı və Qəbələ rayonlarında fəaliyyət göstərən müxtəlif tipli heyvandarlıq təsərrüfatları ilə tanış olublar. Nazirlikdən SİA-ya verilən məlumata görə, tanışlıq Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində baş tutub. Layihənin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Subkomponentinin dəstəyi ilə universitet tələbələri Yeni Zellandiyadan dəvət edilmiş təcrübəli mütəxəssisin iştirakı ilə İsmayıllı rayonunun İvanovka kəndində yerləşən və postsovet dövründən başlayaraq həmin dövrə xas ənənəvi idarəçilik üsulu ilə fəaliyyət göstərən Nikitin adına kolxoza və müasir tələblərə cavab verən Keyvəndi kəndində qurulmaqda olan “AZZA Aqro” MMC şirkətinə, eyni zamanda Qəbələ rayonunda fəaliyyət göstərən “Gilan Holdinq Aqrokompleks Qəbələ” MMC şirkətinə səfər ediblər.

İsmayıllı rayonuna səfər zamanı tələbə və mütəxəssislər rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov ilə görüşüblər. Görüşü zamanı rayonda heyvandarlığın gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb, başçı tələbələrə ixtisaslı kadrlara ehtiyac duyulduğunu bildirib və təhsillərində uğurlar arzulayıb.

Səfər zamanı tələbələr təsərrüfat rəhbərləri, baytarlıq mütəxəssisləri ilə məhsuldar görüşlər keçirib və onları maraqlandıran sullara ətraflı cavablar alıblar.

“Gilan Holdinq Aqrokompleks Qəbələ” MMC şirkətinə səfər zamanı burada heyvandarlıqda tətbiq olunan yeni texnologiyalar barədə məlumatlandırılıblar. Tələbələr karusel tipli 24 başlıq sağım xətti ilə əyani şəkildə tanış olub, xəstə heyvanlar üzərində tətbiq edilən müalicə tədbirləri, heyvandarlıqda balanslaşdırılmış yemləmənin tətbiqinin əhəmiyyəti barədə məlumat alıblar.

Qeyd edək ki, indiyədək ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 200 nəfərədək tələbəsi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin bütün tədbirlərində: brusellyoz xəstəliyinin müəyyənləşdirilməsi məqsədilə sorğuların keçirilməsində, təlimlərdə, peyvəndləmə kampaniyasında, sorğuların nəticələrinin epidemioloji təhlilində, Respublika Baytarlıq Laboratoriyasında müasir müayinə metodlarının tətbiq edilməsində yaxından iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə