Nazir müavini: "Əhalinin 63 faizi əmək qabiliyyətlidir" FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) missiyası ilə görüş olub. ƏƏSMN-dən SİA-ya verilən məlumata görə, görüş AİB-in respublikamızda inklüziv və dayanıqlı inkişafla bağlı ölkə üzrə diaqnostik tədqiqatının ilkin nəticələrinin müzakirəsi məqsədi daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkədə dinamik iqtisadi inkişafa şərait yaratmaqla, eyni zamanda, inkişaf proseslərinin inklüziv əsaslar üzərində həyata keçirilməsini təmin etdiyini vurğulayıb. Nazir müavini diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun “İnklüziv İnkişaf İndeksi 2018”də Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında ilk üçlükdə, MDB məkanında isə birinci yerdə qərarlaşması bu sahədə respubikamızın uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini göstərir. Bu gün respublikamızın perspektiv inkişaf hədəfləri də məhz inklüziv inkişafa əsaslanır və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə də bu amil aydın şəkildə əksini tapıb.

Ölkəmizdə əmək bazarı, məşğulluq sahəsində də inklüzivliyin, bərabər imkanların təmin edildiyini bildirən İ.İsayev əmək ehtiyatlarından səmərəli istifadə olunmasının, məşğulluq səviyyəsinin artırılmasının, layiqli iş yerlərinin yaradılması yolu ilə inklüziv inkişafa nail olunmasının Azərbaycanın ümumi inkişafının əsas prioritetlərindən olduğunu qeyd edib. O bildirib ki, qeyri-neft sektorunun, o cümlədən regionların, kənd təsərrüfatının inkişafının, sahibkarlığın genişlənməsinin stimullaşdırılması üçün kompleks tədbirlər yeni iş yerlərinin açılmasının daimi xarakter alması, əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması ilə müşahidə olunur. Əmək qabiliyyətli yaşda olan əhalinin ümumi əhalinin 63 faizini təşkil etdiyi, hər il orta hesabla 80-100 min gəncin əmək bazarına daxil olduğu ölkədə işsizliyin aşağı səviyyədə saxlanılması və əmək bazarında sabitliyin davam etməsi də aparılan fəal məşğulluq siyasətinin nəticəsidir.

Aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi, dəstəyə ehtiyacı olan əhali qruplarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi sahəsində aparılan işləri diqqətə çatdıran nazir müavini son illərdə sosial müdafiə siyasətinin də aktiv tədbirlərə önəm verilməklə daha da təkmilləşdirildiyini vurğulayıb.

İ.İsayev AİB-lə ölkəmiz arasında fəal əməkdaşlığın mövcud olduğunu, bu əməkdaşlığın Təşkilatın 2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində davam etdirildiyini bildirib. Nazir müavini Strateji Yol Xəritələrində nəzərdə tutulan inklüziv və dayanıqlı inkişaf üzrə hədəflərə doğru aparılan siyasətin dəstəklənməsi məqsədilə AİB-in müvafiq mövzuda araşdırmalarının, ölkə üzrə diaqnostik tədqiqat həyata keçirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Missiyanın rəhbəri, AİB-in iqtisadi təhlil və əməliyyatlara dəstək şöbəsinin direktoru Edimon Ginting Azərbaycanda inklüziv inkişafın təmin olunması sahəsində aparılan siyasətdə hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılması, inklüziv əmək bazarının inkişaf etdirilməsi prinsiplərinin də üstünlük təşkil etməsinin təqdirəlayiq olduğunu qeyd edib. O, ölkə üzrə diaqnostik tədqiqatda məşğulluq siyasəti və əmək bazarına dair araşdırmaların da yer aldığını bildirib, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan müzakirələrin, nazirlik tərəfindən verilən rəy və təkliflərin xüsusi önəm daşıdığını vurğulayıb.

Görüş ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələrinə, inklüziv inkişaf şəraitində məşğulluq və sosial müdafiə siyasətinə dair müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə