BSB-nin Qiymətləndirmə Missiyası Bakıya səfərini uğurla başa vurub FOTO

2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyini qiymətləndirmək məqsədilə ölkəmizdə olan Beynəlxalq Sərgilər Bürosunun (BSB) Qiymətləndirmə Missiyası Azərbaycana səfərini başa vurub. SİA-nın verdiyi məlumata görə, Azərbaycana səfərə gələn BSB-nin nümayəndə heyəti yüksək vəzifəli hökumət nümayəndələri və 2025-ci ildə BSB-nin Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun üzvləri ilə görüşlər keçirib.

Aprelin 18-də BSB nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul edib. Bununla yanaşı, BSB-nin qiymətləndirmə missiyası Milli Məclisin üzvləri, elm və təhsil, gənclər və biznes sektorunun nümayəndələri ilə Ekspo 2025 ümumdünya sərgisinə Bakının namizədliyi ilə bağlı müzakirələr aparıblar.

BSB-nin nümayəndə heyəti Ekspo 2025 Bakı sərgisi üçün ayrılmış əraziyə də baş çəkib. 295 hektar sahəni əhatə edən ərazi hava limanına yaxın şəhərin şərqində yerləşir və paytaxtın genişləndirilməsi planının bir hissəsidir. Baş plana uyğun olaraq geniş yaşıllıq zolağına malik olacaq və Ekspo 2025 sərgisi üçün ayrılmış bu ərazi gələcəkdə dünyanın ən müasir şəhər parklarından birinə çevriləcək, orada həmçinin Azərbaycanın müstəqillik dövründə əldə etdiyi inkişafı əks etdirən sərgi mərkəzi və Bakı şəhərinin yeni yaşayış qəsəbəsi yerləşəcək.

BSB-nin qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarını şərh edərək Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra edən, 2025-ci ildə BSB-nin Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun sədri Samir Şərifov aşağıdakıları bildirib: "2025-ci ildə Ümumdünya Ekspo sərgisinə Bakının ev sahibliyi etməsi ölkəmizin, mədəniyyətimizin və insan kapitalımızın dünya miqyasında daha yaxşı tanıdılmasına vacib töhfə verəcək. Bu sərgi, Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun, 2015-ci il Avropa Oyunlarının, Formula 1 Grand Prix və bir çox başqa irimiqyaslı tədbirlərə uğurlu ev sahibliyi etməsindən sonra Azərbaycan üçün bu istiqamətdə atılan təbii növbəti addım olacaq. Bu, müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin nail olduğu tərəqqini daha da möhkəmləndirəcək. Son on ildə biz Ekspo hərəkatının qürurlu iştirakçıları olmuşuq. Nailiyyətlərimizi nümayiş etdirmək və Bakıya gəlib sərgidə təmsil olunacaq ölkələr arasında qlobal bilik və təcrübələri bölüşmək üçün dünyanın bütün qitələrini təmsil edən geniş auditoriyanı cəlb etməyə hazırıq. Ekspo sərgisi üçün təklif etdiyimiz "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusu təhsil, sağlamlıq və məşğulluq sektorlarına sərmayə qoymaqla bəşəriyyətin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün yeni ideyaların irəli sürülməsinə imkan yaradacaq.

Ümumdünya Elkspo sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi Bakının və ümumiyyətlə Azərbaycanın inkişafını sürətləndirəcəkdir. Milli inkişaf strategiyamıza uyğun olaraq, Ekspo 2025 layihəsi biznes imkanlarının yaradılması, yeni tərəfdaşlıqların qurulması, turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması vasitəsilə iqtisadiyyatımızın şaxələndirilmə sinə kömək edəcək.

Ən əsası isə, ümumdünya sərgisinə ev sahibliyi tariximizin qürur anı olacaq. Ümid edirik ki, biz 2025-ci ildə dünyanı Bakıda salamlamaq şərəfinə layiq görüləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə