Səlim Müslümov: " İlkin informasiyaya görə, 8800 şəxs Prezidentin fərmanından yararlanacaq"

"Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərmanı dövlət başçısının bu sahədə getdikcə gücləndirilib məqsədyönlü tədbirlərin növbəti davamıdır". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri səlahiyyətlərini icra edən Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin siyahısı üç ay müddətində Maliyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə təqdim ediləcək". Onun sözlərinə görə, birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiqlənmiş sənədləri təqdim etmələri əsasında ödəniləcək: "İlkin informasiyaya görə, 8800 şəxs bu fərmanın icrası altına düşür. Bu kateqoriyadan olan şəxslərə, təxminən, 95-100 milyon manat vəsait tələb olunacaq". Qeyd edək ki, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan, ölən və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə