Mustafa Babanlı: "Konfransda qırxdan çox rektor müzakirəyə qatılacaq"

"Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) 1965-ci ildə yaradılıb. Bu platformada dünyada ali təhsildə baş verən yeniliklər, gələcəyə baxış və digər məsələlər müzakirə olunur. Bugünkü tədbirin Azərbaycanda keçirilməsinə üç ildir ki, hazırlaşırıq. Beləliklə biz regionda və dünyada ali məktəblər arasında körpü rolunu oynaya bildik". Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bildirib.

Rektor deyib: “ADNSU 2015-ci ildən UPBA-nın üzvüdür. Bu konfransın ölkəmizdə keçirilməsinə qısa vaxtda nail ola bildik. UPBA-nın prezidenti Kaxa Şengeliya ölkəmizi ev sahibi kimi seçib, buna görə ona təşəkkürümü bildirirəm. Tədbirə qatılan 40-dan çox rektor iki gün ərzində, dünya ali təhsilində baş verən yenilikləri, gələcəyə baxışı müzakirə edəcək. Forumda təkcə Gürcüstandan 10-dan çox rektor iştirak edir. Bundan istifadə edərək konfrans çərçivəsində Gürcüstan və Azərbaycan rektorlarının iclaslarını keçirmək fikrindəyik”.

M.Babanlının sözlərinə görə, Gürcüstan tərəf “Gürcüstan-Azərbaycan Ali Məktəblərinin Assosiasiyası”nı yaratmaq və ildə bir dəfə hər iki ölkədə bu qurumun iclaslarını keçirmək təklifini irəli sürüb. Bu, qonşu və dost ölkələrin ali məktəblərinin bir-birinə inteqrasiyasını və mobillik məsələlərini həll etməsinə kömək göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə