PA rəsmisi: "Müsəlman ölkələrində problemlərin kökündə xarici təsirlər dayanır"

"Bu gün bir çox müsəlman ölkələrində problemlərin kökündə xarici təsirlər dayanır". SİA-nın verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər“ adlı konfransda çıxışı zaman deyib.

Onun sözlərinə görə, tarixən Azərbaycanda dini vəziyyəti gərginləşdirmək üçün kənardan cəhdlər olub: “Hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və bu istiqamətdə ölkədə problemlərin yaradılmasına cəhdlər edilib. Zaman zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub, Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə olunub, ancaq dövlətin, Prezidentin həyata keçirdiyi uğurlu siyasət sayəsində buna nail ola bilməyiblər və bu gün biz dini sahədə irəliləyişlərə nail olmuşuq”.

C.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev din sahəsinə böyük qayğı göstərir.

PA rəsmisi bildirib ki, Azərbaycana kənar təsirlərin qarşısının alınması yalnız dövlətin vəzifəsi deyil, din xadimləri də bu məsələdə həssas olmalı və daha diqqətli fəaliyyət göstərməlidirlər: “Belə olan halda biz daha güclü olacağıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə