“Heydər Əliyev lektoriyаsı”nın 78-ci məşğələsi keçirilib

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyаsı”nda müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və çоxşaxəli siyasi fəaliyyəti ilə bağlı müxtəlif mövzularda tədbirlər keçirilir. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Lektoriyanın növbəti, sayca 78-ci məşğələsi “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusuna həsr olunub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə daim xüsusi önəm verdiyini söyləyib. O, dahi liderin ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlif illərdə qəbul etdiyi qanun və qərarlardan, ölkəmizdə qoruq və yasaqlıqların yaradılmasının əhəmiyyətindən danışıb.

İsmayıl Hacıyev vurğulayıb ki, Ulu öndərin müdrik siyasətini davam etdirən Prezident cənab İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar yeni proqramlar hazırlanır. Dövlət başçısının imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbər verir.

Lektoriyada “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusunda məruzə ilə çıxış edən bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Həmin illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istiadəyə dair çox mühüm 8 qanun və 32 qərar qəbul olub. Dahi liderin ikinci dəfə hakimiyyətə gəlməsilə Azərbaycan təbiətinin müdafiəsi, onun bərpası və zənginləşdirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilib.

Akademik Tariyel Talıbov Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, təbiəti, flora və faunası, mühafizə olunan təbiət əraziləri barədə də məlumat verib. O, rəhbərlik etdiyi institutda təbiətin əsrarəngiz zənginliyinin öyrənilməsi, onun mühafizəsinə dair tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Sonda T. Talıbov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...