Bilik Fondu Rəşad Məcidin Trabzonda mühazirəsini təşkil etdi

Aprelin 12-də Türkiyənin Trabzon şəhərində ənənəvi Beynəlxalq Ədəbiyyat Festivalı (UTEF) keçirilib. Bilik Fondunun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Festivalda Azərbaycanı təmsil edən "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə iki mövzuda mühazirə söyləyib.

R.Məcid Qəzetçilər Cəmiyyətinin konfrans zalında “Cəmiyyətin məlumatlandırılmasında medianın rolu” adlı tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə ilə çıxış edərək, Azərbaycan mətbuatının yaranması, ilk qəzetimiz “Əkinçi”, “Molla Nəsrəddin”, “Füyuzat” jurnalları, “Həyat” qəzeti, sovet dövründəki mətbuat orqanları və onların ədəbi dilimizin qorunmasındakı rolundan, müstəqillik dönəmi mətbuatından söz açıb.

Baş redaktor bu dövrdə yaradılan Mətbuat Şurasının fəaliyyəti, “525-ci qəzet”, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

O, Ümummilli lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində mətbuata qayğısından, 1998-ci ilin 6 avqustunda Azərbaycanda Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin, senzuranın ləğv olunmasından danışıb.

İkinci mühazirə Trabzon bələdiyyəsinin konfrans zalında yerli sakinlər qarşısında "Azərbaycan Cümhuriyyəti - 100" mövzusunda təşkil olunub.

Azərbaycanda 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğunu xatırladan R.Məcid 1918-1920-ci illərdə Nuru Paşanın komandanlığı ilə Türk Ordusunun azərbaycanlılara köməyə gəldiyini bildirib və bu barədə maraqlı faktları diqqətə çatdırıb.

Baş redaktor indiki Azərbaycanın AXC-nin mənəvi varisi olduğunu deyərək, o dövrün müsbət idarəçilik ənənələrindən yararlanmağın, səhvlərlə müşahidə olunan siyasətin təkrarlamamağın nəticəsində dövlətin inkişaf strategiyasından söz açıb.

Sonda mühazirəçi iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə