Masallının təsərrüfat tarixinə düşmüş şəxsiyyət

Azərbaycanın ən qədim yaşayış mərkəzlərindən biri olan Masallı uzun əsrlər boyu çoxlu tarixi şəxsiyyətlər yetişdirib. Bu insanlardan elm, ədəbiyyat, maarif, səhiyyə, incəsənət, idman, din və təsərrüfat xadimləri də çox olub. Həmin insanlar Azərbaycan üçün çox böyük işlər görüblər. Masallı 1932-ci ildən rayon statusu qazananda isə bu bölgənin daha çox tanınmış insanları rayon camaatının maariflənməsinə, təsərrüfatlarının, yollarının, kəndlərinin qurulmasına, sosial obyektlərin tikilməsinə daha çox fikir veriblər ki, Masallını respublikada və ondan kənarlarda da tanıtsınlar. Sözün əsl mənasında, torpağa bağlı olan bu insanlar heç kimdən heç bir maliiyə dəstəyi, tərif, orden, medal gözləmədən həyatlarını Masallı üçün həqiqətən fəda eləyiblər. Mən bu insanlar haqqında silsilə yazılar yazmışam və fikrim var ki, bu haqda bir kitab da çap etdirib, bu şexsiyyətlərin həyatını həmin kitabda əks etdirim və qələcək nəsillər üçün yadigar saxlayım. Qoy gələcək nəsillər də bu kitabı oxumaqla bilsinlər ki, Masallıda belə şəxsiyyətlər və adları böyük həriflərlə yazılan insanlar yaşayıb.

Bax belə şəxsiyyətlərdən biri də, ömrünün ən azından 60 ilini Masallının kənd təsərrüfatının dirçəlişinə həsr edən Oğlan Mürsəl oğlu Cəbiyevdir. Eşidəndə ki, Oğlan kişi dünyasını dəyişib bu, mənə çox pis təsir etdi. 1967-ci ildə Masallının “Çağırış” qəzetinin ştatdankənar müxbiri olan vaxt rayonun Kolatan kəndindəki “Kommunizm yolu” sovxozunun direktoru işlədiyi vaxt onunla olan ilk görüşüm yadıma düşdü. O vaxt mənim cəmi 17 yaşım vardı. Qəzet rəhbərliyi məni sovxoza göndərmişdi ki, onunla sovxoz və orada görülən işlərlə bağlı müsahibə götürüm.

Artıq beş il idi ki, bu sovxoza rəhbərlik eləyən, orta boyu, gülərüz, çox söhbətcil, maraqlı məntiqə malik, yüksək savadlı, əsl ziyalı olan 35 yaşlı Oğlan Mürsəl oğlu qısa vaxtın çərçivəsində özünün maraqlı söhbəti ilə məni valeh elədi. Sovxozün bu günkü, gələcək işlərindən, burada çalışan qoçaq insanlardan çox maraqlı söhbətləri ürəyimə yatdı. Onunla təxminən bir saatlıq söhbətimiz oldu. Amma Kolatan kəndinə gedəndə mənə redaksiyadan demişdilər ki, Oğlan müəllim müsahibə verməyi xoşlamır, özü və təsərrüfatı haqqında yəqin ki, sənə heç nə deməyəcək. Buna görə də həvəsdən düşmüşdüm. Açığı mən həmin kəndə yarıkönül getmişdim. Sadəcə rayonun ən mənzərəli və qədim kəndələrindən biri olan Kolatanı görmək istəyirdim. Çünki bu kənd haqqında çoxlu xoş sözlər eşitmişdim. Lakin Oğlan Cəbiyevlə söhbətim, 17 yaşlı bir yeniyetmə kimi mənim yaddaşıma əbədilik hopdu. Həm də onunla həmyaşıd olan qardaşım və həmin vaxtı Masallı rayon Regional Texnika Birliyinin (keçmiş MTS-in) baş mexaniki işləyən Balaməmməd İdrisoğlu ilə Oğlam müəllimin dost olması, “Kommunuzm yolu” sovxozünün da təsərrüfatında traktorla bağlı bütün işlərin məhz Balaməmmədin vasitəsi ilə görülməsi də bizim söhbətimizə maraqlı bir körpü salmışdı. Çünki mən onunla görüşən kimi qardaşım Balaməmmədin ona olan salamını dedim. O da biləndə ki, mən Balaməmməd Şükürovun qardaşıyam məni çox mehriban qarşıladı. Aralarında olan dostluqdan, qardaşlıqdan danışdı. Onunla söhbətimdə gördüm ki, Oğlan Cəbiyev təpədən dırnağa qədər təsərrüfat adamıdır. Hər bir sözündə və hərəkətində də realistdir. Dediyi hər bir sözü də elə-belə yox, fikirləşib, məntiqlə deyir. Yəni o, sözün çəkisini bilən və hansı sözü harada deməyi bacaran əsl rəhbərdir.

Axşam qardaşım Balaməmməd evə qayıdanda Oğlan kişi ilə olan görüşümü ona dedim. Yuxarıda yazdığım kimi da mənə demişdi ki, ola bilər səni qəbul etməsin, mənimlə bağlı tanışlıq verərsən. Ona görə mən də qardaşımın adını deyəndə onun Balaməmmədə necə böyük hörmətinin olduğunu gördüm və qardaşım haqqında dediyi xoş sözlərdən məmnun qaldım.

Beləliklə, bizim Oğlan Mürsəl oğlu ilə tanışlığımız həmin gündən başladı. Və bundan sonra onun rayon üçün gördüyü işləri izlədim. Az bir vaxtdan sonra Oğlan kişi Masallı rayonunda əsl söz sahiblərindən və tanınmış təsərrüfat rəhbərlərindən biri oldu. Sonra mən təhsil almaq üçün Bakıya gəldim və taleyim Bakı, Sumqayıtla bağlandı. Azərbaycanın ayrı-ayrı teatrlarına rəhbərlik elədim. Yolum Masallıya düşəndə Oğlan kişinin işləri ilə də maraqlanırdım. Ən çox da bu kişinin mübarizliyi, yüksək səviyyəli aqranom olması, Masallıda çayçılığın inkişafı üçün əlindən gələni etdiyinin şahidi olurdum. Hətta Masallıda çay plantasiyalarının necə məhv olunduğunu görən vaxt Oğlan Cəbiyevin hansı sarsıntılar keçirdiyinin də mən çahidi olmuşam. Bu təxminən 1993-cü il idi. Səhv eləmirəmsə Oğlan müəllimin rəhbərlik etdiyi Masallı Çayçılıq Birliyi bir il idi ki, ləğv olunmuşdu. Oğlan müəllimi Kolatan kəndindəki 3 nömrəli Çayçılıq fabrikinə direktor müavini təyin etmişdilər. Həmin vaxtı mənim qardaşım Balaməmməd Masallıda evimizdə ağır vəziyyətə xəstə yatırdı. Oğlan müəllim də onu yoluxmağa gəlmişdi. Məni də orada görəndə çox sevindi. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etdiyim uğurlarımdan, teatrın nəinki respublikada və hətta ondan kənarda da tanınmasından çox sevindiyini də səmimi bildirdi. Bizim Masallının həmin vaxtkı vəziyyəti və əsasən də çayçılığın necə dağıdılması haqqında onunla çox söhbətimiz oldu. Daha doğru Oğlan müəllim və qardaşım Balaməmməd çayçılığın Masallıya gətirdiyi böyük gəlirlərdən, Masallı çayının dünya bazarındakı böyük uğurundan maraqlı fikirlər dedilər və mən də qulaq asdım. Çayçılığın necə məhv edilməsini onların ürək ağrısı ilə deməsi də yaddaşıma yazıldı. Sonra həmin söhbəti gündəliyimə köçürtdüm. İllər boyu özümün də urəyim ağrıdı ki, “axı niyə Masallıda belə qiymətli və rayona böyük gəlir gətirən çayçılıq sahəsi burnunun ucunu görməyən, düşmən xislətli rəhbərlər tərəfindən məhv edildi?.. Doğrudanmı bu adamlar heç vaxt tarix qarşısında cavab verməyəcəklər?..”.

İllər keçdi. Yenə də Masallıya gedəndə Oğlan Cəbiyevlə əlaqə saxlayırdım. O, artıq təqaüdə çixsa da Masallının bütün ictimai işlərində yaxından iştirak eləyirdi. Rayon Ağsaqqallar Şurasının yüksək səviyyədə qurulmasında bu quruma əlindən gələn köməklikləri etdiyinin də şahidi olurdum. Əsasən kənd təsərrüfatı rayonu olan Masallının kənd təsərrütatının, çayçılığının, maldarlığının tənəzzülə düşəməsi onun ürəyini ağrıdırdı.

Bir dəfə Oğlan kişi ilə söhbətimizdə mən ondan soruşdum: “Axı necə olur ki, siz insanlarla belə tez dil tapırsız”? O, özünə məxsus gülümsünüb üzümə baxdı və mehriban formada belə cavab verdi:

-Mən aqranomluq təhsili almışam. Ağacların, bitkilərin, otların dilini yaxşı bilirəm. Yeri gələndə onlarla danışa da bilirəm. Onların dərdlərini, problemlərini öyrənirəm. Əgər mən cansız, dili olmayan varlıqlarla dil tapa bilirəmsə, dili olan canlı varlıqlarla dil tapmağa nə var ki. Özüm də 50 ildən çox rəhbər vəzifədə işləmişəm. Həmişə də özümdən yaşca böyüklərlə oturub-durmuşam. Onların ağıllı məsləhətlərinə qulaq asmışam. Atalarımız da deyir ki, “istəyirsən qarşındakı adam səni sevsin, ona diqqətlə qulaq as və elə öz sözləri ilə də ona daha yaxşı, daha ağıllı formada cavab ver. Bax onda hamının sevimlisi olarsan”.

Açığı Oğlan kişinin bu sözləri çox xoşuma gəldi və mən həmin sözləri gündəliyimə yazdım.

Beş il bundan qabaq Oğlan müəllimin yadigarı, Masallının ən aparıcı ziyalılarından biri olan, bu rayonda aptek təsərrüfatının yaradıcısı, maraqlı yazıçı, jurnalist, musiqiçi, rayonun ən aparıcı tədqiqatçılarından biri və ən əsası böyük alim, həkim, Cənub bölgəsində şəfalı suları kəşf eləyən Mir Kazım Aslanlının böyük təbliğatçısı, onun haqqında kitab yazan Xodaşirin Cəbiyevlə dostluğumuzun başlaması, məni rayonun tanınmış ağsaqqalı ilə bir az da yaxınlaşdırdı. Biz, Xodaşirin həkimlə hər görüşümüzdə atası Oğlan müəllim haqqında maraqlı söhbətlər edir və xatirlər danışırdıq.

2018-ci ilin mart ayının 8-də eşitdim ki, Oğlan kişi dünyasını dəyişib. Açığı çox sarsıldım. Xodaşirin həkimə zəng vurub, başsağlığı verdim. Amma ürəyimdə bir nisgil dolanırdı ki, mən hökmən Oğlan kişi ilə bağlı xatirə yazısı, elegiya yazmalıyam. Beləliklə, onun həyat tarixçəsini belə qısa formada vərəqlədim...

Oxucuların belə şəxsiyyəti, əsl ziyalını, Masallı üçün əvəzsiz işlər görmüş insanı daha yaxşı tanımasıyçün də onun həyatının qısa sətirlərini də yazıram.

Oğlan Mürsəl oğlu Cəbiyev 20 iyun 1932-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində kolxozçu ailəsində anadan olmuşdu. 1941-ci ildə Kolatan kənd yeddillik məktəbin 1-ci sinfinə daxil olub və 1947-ci ildə Kolatan kənd yeddillik məktəbi müvəffəqiyyətlə bitirərək, Lənkəran Subtropik Bitkilər Texnikumuna daxil olmuşdu. O, bu texnikumda özünün biliyinə və bacarığına görə müəllimlərin ən sevimli tələbələrindən biri olmuşdu. 1950-ci ildə həmin texnikumu bitirərək, Masallı rayon torpaq şöbəsinə aqronom vəzifəsinə təyin olunmuşdu. 1951-52-ci illərdə Sovet ordusu siralarında hərbi xidmətdə olmuş və ordudan qayıdandan sonra 1953-cü ildə Masallı rayonundakı M. İ. Kalinin adına Boradigah MTS-nə aqronom vəzifəsinə təyin olunmuşdu. Az bir vaxtda özünü yaxşı mütəxəssis kimi sübut etmişdi. Qardaşım Balaməmmədlə də onun tanışlığı, dostluğu həmin vaxtdan başlamışdı. Çünki qardaşım Balaməmməd də həmin vaxtı Masallı rayon MTS-nin traktor mexanizasiyasına rəhbərlik edirdi. 1955-ci ildə respublikada MTS-lər ləğv olunduqdan sonra o, Masallı rayonunun “Dimitrov” adına kolxozuna baş aqronom vəzifəsinə təyin olunmuşdu. 1958-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən Oğlan Cəbiyev avtomobil qəzasına düşüb, sonra ona uzun, rahat olmayan yol getmək həkimlər tərəfindən icazə verilmədiyinə görə, rayon rəhbərliyinin tövsiyyəsi ilə elə həmin ildə yaşadığı Kolatan kəndindəki “Kommunizm yolu” kolxozuna aqronom vəzifəsinə təyin edilmuşdi.

Özünün böyük inadkarlığı və mübarizliyi nəticəsində artıq bir neçə ilə tam sağalan Oğlan Cəbiyev, 1962-ci ildə Kolatan kəndindəki “Kommunizm yolu” kolxozuna secki yolu ilə sədr seçilmişdi. 1964-cü ildə kolxozlar ləğv edildikdən sonra həmin təsərrüfatın bazasında - “Kommunizm yolu” sovxozuna direktor təyin olunmuşdu. Orada da mən onun böyük uğurlarının şahidi olmuşdum.

O, 1964-cü ildə Kirovabad (indiki Gəncə) şəhərindəki Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) aqronomluq fakültəsinə böyük uğurla (qiyabi) daxil olub, 1970-ci ildə həmin institutu bitirərək alim-aqronom ixtisasını almışdı. 1962-71-ci illərdə “Kommunizm yolu” kolxozuna və sonra da sovxozuna rəhbərlik etdiyi vaxt çox böyük işlər görmüş, bu təsərrüfatı rayonun ən aparıcı təsərrüfatlarınında biri etmişdi. Onun daha böyük işlər görməyə qadir olduğuna görən Masallı rayon rəhbərliyi Oğlan kişini 1971-ci ildə rayonun ən böyük təsərrüfatlarından biri olan “Dimitrov” adına sovxoza direktor təyin etmişdi. O, burada böyük yeniliklər etməyə başladığı bir dövrdə, 1972-ci ildə həmin təsərrüfatda 2-ci dəfə xidməti vəzifəsini yerinə yetirərkən ağır avtomobil qəzasına düşmüşdü. Oğlan kişi 1976-ci ildə şəxsi ərizəsinə əsasən işdən azad olunaraq Masallı rayon Aqrar Sənaye Birliyinə çayçılıq və subtropik bitkilər üzrə böyük aqronom təyin olunmuşdu. Çünki o, aqranomluq sənətini çox sevirdi.

1980-ci ildə Masallı rayonunda yeni yaradılan Çayçılıq Birliyinə baş aqronom təyin olunan Oğlan Cəbiyev burada özünü daha böyük mütəxəssis kimi sübut etmişdi. 1990-cı ildə o, Masallı rayon İcra Hakimiyyətinin təqdimatı ilə həmin Çayçılıq Birliyinə direktor təyin olunmuşdu. Hansısa düşmən təfəkkürlü rəhbər vəzifəli adamların ucbatından 1992-ci ildə Çayçılıq Birliyi ləğv edildikdən sonra o, Kolatan kəndindəki 3 nömrəli Çay fabrikinə direktor müavini vəzifəsinə təyin olunmuşdu. 1998-ci ildə Kolatan kəmdindəki 3 nömrəli Çay fabriki ləğv olunduqdan sonra həmin fabrikin bazasında İngiltərədən gələn iş adamları ilə müştərək yaradılmış Tütün Fermentasiya Zavoduna baş aqronom təyin olunan Oğlan Cəbiyev rayonda tütünçülüyün inkişafına çalışmışdı. Amma Masallıda təsərrüfatlar, kolxoz və dovxozlar ləğv olunduğuna görə tütünçülüyü inkişaf etdirmək çox çətin idi. 2000-ci ildə həmin zavod ləğv edildikdən sonra işdən azad ounaraq, yaşa görə əmək pensiyasına çıxmışdı. Bundan sonra isə o, həyatını rayonun ictimai işlərinə həsr etmişdi. Bu sahədə də rayon üçün əlindən gələni edir və cavanlara yaxşı məsləhətlər verirdi.

O, 1958-ci ildən Sov. İKP-nin üzvü olub və 2010-cü ildən isə Yeni Azərbaycan Partiyasının və Masallı rayon Ağsaqqallr Şurasının üzvu idi.

Uzun illər (1993 - 2012) Kolatan kənd ərazi vahidi üzrə Ağsaqqallar Şürasının sədri olmuşdu. O, iş fəaliyyəti dövründə yaxşı işinə görə müxtəlif illərdə əməyi dövlət orqanları tərəfindən orden, medal, ”Fəxri Fərman”larla, müxtəlif mükafatlarla qiymətləndirilmişdi. Belə ki, o, 1968-ci ildə sovxoz direktoru işləyərkən Sığdaş kəndinin Hampa dağı ərazisində dövlət sərhəddini pozaraq qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən şubhəli şəxsi tutaraq dövlət orqanlarına təhvil verdiyinə görə “SSRİ-nin əla sərhəd qruyucusu” medalı ilə, 1970-ci ildə “V.İ.Leninin 100 illik yubiley medalı” ilə, 1971-ci ildə “Şərəf Nişanı” ordeni ilə, 1984-cü ildə “Zərbəçi əməyə görə” medalı ılə, 1989-cu ildə “Əmək Veteranı” medalı ilə, 2008-ci ildə Masallı rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ı ilə, 2012-ci ildə rayonun bu tanınmış təsərrüfat rəhbəri 80 illik yubileyi ilə əlaqədar olaraq Masallı rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə , 2012-ci ildə “Xalqın ən nüfuzlu ziyalısı” media mükafatı ilə mükafatlandırılmışdı. Əlbəttə, bu onun aldığı mükafatların cüzi bir hissəsi idi. Ən böyük mükafat isə Oğlan kişiyə Masallı camaatı tərəfindən verilmişdi. Bu mükafat rayon camaatının ona olan sevgisi, hörməti idi. Çünki hansı məclisdə olurdusa, hamı onu böyük hörmətlə, izzətlə qarşılayır və ən yuxarı başda əyləşmək üçün yer verirdi. Bu hörməti isə o, rayon camaatına uzun illər təmənnasız xidməti nəticəsində özü qazanmışdı.

Oğlan Cəbiyev lap cavanlıqdan hər bir əməlində Allah adamı idi. Məhz bunları bir daha təsdiqləmək üçün 1997-ci ildə Məşhəd, 1999-cu ildə Kərbəla, 2005-ci ildə Həcc ziyarətlərində olmuşdu.

Hacı Oğlan Cəbiyevin 8 övladı - o cümlədən 6 oğlu, 2 qızı, 18 nəvəsi, 7 nəticəsi var. Onların da hər biri Azərbaycan dövləti və dövlətçiliyi üçün Oğlan kişi kimi əlindən gələni eləyirlər. Onların hər biri çalışır ki, atalarının, babalarının xeyirxah əməllərini davam etdirsinlər. Mən bunu Xodaşirin Oğlan oğlu Cəbiyevin timsalında həmişə görürəm. Və görürəm ki, bu şəxsiyyət Masallı üçün çox böyük, xeyirxah işlər görür.

Qəbdiniz nurla dolsun hamımızın əzizi, ağsaqqalı Oğlan kişi. Mən inanıram ki, siz, Masallının tarixində düşmüş təsərrüfat rəhbərlərindən biri kimi qalacaqsınız. Masallının tarixi zaman-zaman vərəqləndikcə siz də tanınmış bir təsərrüfat rəhbəri kimi həmişə xatırlanacaqsınız.

Ağalar İDRİSOĞLU,

Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə