İctimai rezonans olmasa... MÖVQE

Fikrimcə ən böyük ədalətsizlik insanın özünə qarşı ikili standartlar tətbiq etməsindən sonra başlayır. Olduğu kimi görünmək və göründüyü kimi olmaq əslində müasir mühitimizin ən böyük qəbahəti sayılır. Dahilərdən biri deyib ki, insanların tarixdən çıxardığı ən böyük nəticə odur ki, insanlar tarixdən heç bir nəticə çıxarmırlar... ...Gözümüzün önündə nələr baş verir, vecimizə deyil. Laqeyidlik ,”məndən ötsün, qardaşıma dəysin” psixologiyası, qazanılanın qədrini bilməməmək, hansısa ilğım xarakterli xəyallarda yaşamaq, uğurlu bu günü dumanlı sabaha qurban vermək istəyi, nə bilim, daha nələr-nələr... kimə və nəyə lazımdır? Bu mübarək Vətəni göz bəbəyi kimi qorumaq, onun düşmənlərinə düşmən kimi yanaşmaq, uğuruna sevinmək, əyər-əksiyini isə düzəltməyə çalışmaq lazımdır. Unutmaq olmaz ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın oyanış hərəkatının nəticəsi olsa da, eyni zamanda Allahu–Təalanın bizlərə verdiyi bəlkə də ən böyük nemətidir. Dədə Qorqud deyirdi: “O torpağı ki, qorumadın onu əkib-becərməyə dəyməz. O torpağı ki, əkib becərmədin onu qorumağa dəyməz”. Zəmanəmizin bəzi insanları Vətən və Dövlət anlayışlarına fərdi müstəvidə yanaşırlar: “Vətənimizi sevirik, amma Dövlətimizlə öz haqq-hesabımız var”.

Əcəba, kimlərinsə şüara çevirmək istədiyi bu yanaşma nə dərəcədə düzgündür? Bütün bunları ona görə yazıram ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun son günlər sosial şəbəkələrdə paylaşdığı məntiqli və analitik statuslar məndə bir vətəndaş kimi böyük maraq doğurub. Əli müəllimin : “...insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. İnsanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir” fikiri əslində sosial şəbəkələrin klaviatura qəhrəmanlarına tutarlı cavab idi. Bu dəyərli fikirdən sonra bəlkə də əlavə şərhə, postskriptuma ehtiyac yoxdur, amma düşünürəm ki, Vətənini sevən hər bir insan həlledici məqamlarda mövqeyini ortaya qoymalı, həmfikir insanlarla həmrəyliyini göstərməlidir. Bu ən azından bir vətəndaş yanaşması sayılmalıdır.

Döğru sözümdür, ictimai rezonans olmasa bəlkə də klaviatura qəhrəmanları tərəfindən taqqıldadılmış “kommetlər”-i oxumazdım. Oxudum və əsəbimdən bu sətirləri yazası oldum. Görəsən akvariumda fırtına törətmək təxəyyülü ilə yaşayan belələrinin öz soydaşlarına bu qədər nifrətinin səbəbi nədir? Bəlkə bu səbəbi qlobal dünya tərəfindən milli manqurtların dəstəklənməsi layihəsində axtarmaq lazımdır... Azərbaycanlı adını daşıyan kimlərinsə təhqiramiz ifadələri özünə leksik vahid seçməsi adama çox ağır gəlir. Təbii ki, kimin qabında nə varsa onunla bölüşür. Bu həm də bir tərbiyə məsələsidir. Hərdən adama elə gəlir ki, belələrinə nəyi isə başa salmaq üçün gərək onlardan da betər olasan. Çünki burada söhbət sadəcə, siyasi mübarizədən, bu mübarizənin aparılması metodlaırnda getmir. Ən təhlükəli insanlar mənəvi dəyər kriteriyası olmayan, çətinliklə qazanılanları asanlıqla itirməyə hazır olanlardır.

...İnsanın həyata baxışları keçmişdə topladığı təcrübənin əsasında formalaşır. Yaxın tariximiz sübut edir ki, sapı özümüzdən olanların səhvləri nəticəsində 20% torpaqlarımızı itirmişik! Səsimizi eşidənlər çox olsa da, haqq işimizdə bizə dəstək verənlər azdır. Çünkü hansı dünyada yaşadığımızı, hansı qlobal qüvvələrlə üz-üzə qaldığımızı anlayırıq. Bu yandan da bəzilərinin ümumi işimizə qurşaqdan aşağı zərbə vurması cəhdləri ən azı xəyanətdir! Odur ki, sağlam və milli ruhlu qüvvələri bu kimi hallara qarşı mütəşəkkil və barışmaz olmağa çağırıram!

Faiq Hüsiyev

Bütün xəbərlər Facebook səhifəmizdə