Naxçıvanda Novruz iməciliyi keçirilib

Təbiətin oyanması Novruzun gəlişi ilə başlayır. Yeni günün, yeni nizamın başlanğıcı olan Novruzun min illərdir qorunub-yaşadılan ənənələrindən biri də bayram günlərində yaz-tarla işlərinin görülməsi, təsərrüfatlarda səliqə-sahman yaradılmasıdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər muxtar respublikada bu gün də yaşadılır. Novruz bayramı münasibətilə iməciliklər keçirilir, meyvə bağları və yaşıllıqlar salınır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, martın 24-də Naxçıvan Muxtar Respublikasında Novruz iməciliyi keçirilib, Naxçıvan şəhərində və rayon mərkəzlərində “Gənclər bağı” salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Şərur-Sədərək magistral avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak ediblər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 meyvə tingi əkiblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri meyvə bağlarına və yaşıllıq zolaqlarına düzgün aqrotexniki qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə