"Azərbaycanlılar tarixi torpaqlarına qayıtmalıdırlar"

İlham Əliyev: "Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq"

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması, bunun ardınca "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamın imzalanması, məhz tariximizin hər bir səhifəsinə ətraflı diqqət yönəltməyə geniş imkanlar açır. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Ölkə Prezidenti İlham Əliyevin məlum Sərəncamında da qeyd olunur ki, yalnız 80 il sonra - 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

Sənəddə vurğulanırdı ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır və təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Məhz Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırılmışdır.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış və özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Keçmiş Sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Elə o zamanlardan ermənilərə göstərilən dəstəklər bu günə qədər davam etməkdədir. 1988-ci ildə ermənilərin torpaq iddialarının yenidən baş qaldırması nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin bu günədək uzanmasında dünyanın ikili siyasəti və ermənilərin başına çəkilən sığallar əsas rol oynamaqdadır.

1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri - ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatmanı ona görə edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər bu günə qədər bu qərar və qətnamələrə məhəl qoymur. Yəni himayədarlarından aldıqları dəstəklər onlarda böyük ruh yüksəkliyi yaradır və daha böyük iddialarla çıxış etmələrinə rəvac verir. Məhz onlar bu dəstəkdən qaynaqlanaraq, illərdir beynəlxalq ictimaiyyətdə özləri barədə "yazıq, məzlum, əzilən və döyülən" millət, azərbaycanlıların isə mənfi obrazını yaradıblar. O da bəllidir ki, ABŞ Konqresi 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz "907-ci düzəliş"i tətbiq etmişdi. Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu bu qərarın ədalətsizliyi barədə düşünməyə və onun fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etməyə sövq etdi. Göründüyü kimi, dünyanı idarə edən iri dövlətlər bu və ya digər ölkələrə qarşı atılan addımlara, eyni zamanda, baş verən hadisələrə o zaman düzgün dəyər verməyə çalışırlar ki, özləri həmin hadisəni yaşayır.

1992-ci il fervralın 25-dən 26-na keçən gecə yaşanan Xocalı soyqırımı təbii ki, ermənilərin əvvəlki cinayətlərinin cəzasızlığından yaranan soyqırımıdır. Bu gün Azərbaycan dövləti bütün səylərini bu faciənin soyqırımı kimi tanıdılmasına yönəldib. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması və şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb.

Bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib, öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu prinsipi yenə də təkrarən xatırlatmaq istərdik ki, hər bir ölkənin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı BMT-nın sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. Dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında bir daha bəyan etmişdi: "Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə, 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır".

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımlardan bəhs edərkən, eyni zamanda, bu məsələyə də diqqət yönəltmişdir: "Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir və sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər və təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Dövlətimizin başçısının azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncamında yazının əvvəlində qeyd etdiyimiz zaman amilinə xüsusi önəm verilir. Son 20 ildə aparılan araşdırmalar nəticəsində erməni vəhşiliklərinə işıq salan çoxlu sayda yeni faktların və sənədlərin toplandığını vurğulayan Cənab İlham Əliyev Quba şəhərində aşkar olunmuş kütləvi məzarlığı önə çəkərək bildirir ki, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir. Məhz bu faktların, sənədlərin daha çoxluq təşkil etməsinə inamdan irəli gəlir ki, ölkə Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu araşdırmaların miqyasının daha da genişləndirilməsinin, faktların dili ilə yeni kitabların çap olunmasının və müxtəlif dillərə tərcümə edilməsinin vacibliyini bildirir. Azərbaycan həqiqətlərinin təbliğində mətbuatın da üzərinə böyük məsuliyyət düşdüyünü nəzərə alsaq, hazırda mövcud imkanlardan maksimum istifadə bir tələbə çevrilib. Cənab İlham Əliyev müxtəlif dillərdə internet resurslarının yaradılmasını vacib amil kimi qarşıya qoyur.

Müasir dövrün informasiya mübarizəsi dövrü olduğunu unutmamalıyıq. Təbliğat tarixi həqiqətlərə əsaslananda bu mübarizədən qalib çıxmaq mümkündür. Özlərinə saxta tarix yazan ermənilər hər zaman fakt qarşısında aciz olublar. Buna görədir ki, "erməni soyqırımı"nın tanınması məsələsini qabardanda, Türkiyə rəsmiləri tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılıb, dünya arxivlərini araşdırmasını qarşı tərəfə təklif edəndə dərhal əl-ayağa düşür, bu məsələ ilə siyasətçilərin məşğul olduğunu bildirməklə, acizliklərini ört-basdır etdiklərini düşünürlər. Tarix isə faktlara əsaslanır, faktların dili ilə danışır. Tarixin yaddaşına söykənərək bütün reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi birləşdirməli, Cənab İlham Əliyevin bütün türk dünyasına çağırış etdiyi kimi və gücümüz birliyimizdədir.

Ölkə Prezidenti İlham Əliyev "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumunun açılışında diqqəti bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə yönəldərək bildirmişdir ki, azərbaycanlılar əsrlər boyu Dağlıq Qarabağda yaşayıb: "İndi bu ərazilər işğal olunub, tarixi, dini abidələrimiz dağıdılıb. ATƏT bu ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və bu, təsdiqini tapıb. Münaqişə beynəlxalq hüquq normaları, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan 20 ildən artıqdır BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir. Avropa Şurası və digər beynəlxalq qurumlar da müvafiq qərarlar qəbul edib. Ermənistan isə işğal etdiyi torpaqları azad etmək istəmir. Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Lakin status-kvo qəbuledilməzdir. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçıları da bunu bəyan ediblər. Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır. Münaqişə yalnız BMT qətnamələrinə, Helsinki Yekun Bəyannaməsinə uyğun həll edilməlidir".

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə