Artıq 18 ildir Ekspo hərəkatının fəal üzvü olan Azərbaycanın Beynəlxalq Sərgi Bürosuna üzvlüyünün də 10 ili tamam olur. Bu müddət ərzində ölkəmiz beynəlxalq sərgilərdə uğurla çıxış edib. Elə bu uğurun nəticəsidir ki, "Ekspo 2025" ümumdünya sərgisinə namizədliyini irəli sürərək mübarizəyə qoşulub.

Bu gün Azərbaycanın Beynəlxalq Sərgilər Bürosuna üzv olmasından 10 il keçir.

Ölkəmiz artıq 18 ildir Ekspo Hərəkatının fəal üzvüdür və ilk dəfə 2000-ci ildə Hannoverdə keçirilən "Universal Expo"da iştirak edib. 19 mart 2008-ci ildə isə Azərbaycan Beynəlxalq Sərgilər Bürosuna üzv olub.

Qeyd olunan müddət ərzində ölkəmiz Astana, Milan və digər sərgilərdə uğurlu təqdimatlar həyata keçirərək, 2017-ci ilin sentyabr ayında "Ekspo 2025" Ümumdünya Sərgisinə dair namizədlik dosyesi təqdim edərək mübarizəyə qoşulub.

Azərbaycanın təqdim etdiyi mövzu "İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq" adlanır. Əlavə olaraq təqdim olunan üç alt mövzu istedad, sağlamlıq və nailiyyət - BMT-nin müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir.

Noyabrın 14-də Parisdə - Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil olunan qəbulda Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edib.

Qeyd edək ki, Bakı Ekspo 2025 üçün nəzərdə tutulmuş ərazi Bakının şərq hissəsində, iki qəsəbə arasında yeni torpaq ərazisində salınacaq və 200 hektar sahəni əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...