Daxili Qoşunların Baş İdarəsində bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olunub

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) yaranmasının 26-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə qoşunların bir qrup hərbi qulluqçusu mükafatlandırılıb.

Bu münasibətlə martın 19-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdim olunması mərasimi keçirilib. Daxili Qoşunların mətbuat xidmətinin məlumatında deyilir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov mükafatları şəhid hərbi qulluqçuların ailə üzvlərinə və hərbi qulluqçulara təqdim edib.

Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunan şəhid hərbi qulluqçular leytenant Yusif Qasımovun anası Xanım Qasımova, əsgər Vüqar Abutalıbovun atası Elman Abutalıbov şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlığını bildirərək, Daxili Qoşunların şəxsi heyətinə xidmətdə uğurlar arzulayıb.

Sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan və “Əməkdar həkim” fəxri adı verilmiş hərbi qulluqçulara mükafatlar təqdim edilib.

General-leytenant Ş.Məmmədov təltif olunan şəhid ailələrinin üzvlərini və hərbi qulluqçuları təbrik edərək, onların mükafatlandırılmasının Azərbaycan dövlətinin Daxili Qoşunlara diqqətinin təzahürü olduğunu qeyd edib.

Daxili Qoşunların Komandanı əminliklə bildirib ki, şəxsi heyət bundan sonra da göstərilən etimadı doğruldacaq, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin martın 9-da imzaladığı sərəncamlarla Daxili Qoşunların hərbi qulluqçularından 2 hərbi qulluqçu “İgidliyə görə” (ölümündən sonra), 14 nəfər “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib, 1 nəfərə “Əməkdar həkim” fəxri adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...