“El Peruano” nəşrində Novruz bayramı barədə yazı dərc olunub

Perunun “El Peruano” nəşrində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Mehdi Məmmədovun “Novruz: təbiətin sirli oyanışı” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə qədim bayramımız olan Novruz, onun adət-ənənələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, martın 20-21-də keçirilən bu gözəl bayrama dörd həftə qalmış hər çərşənbə axşamı Azərbaycan xalqı bir ünsürün qış durğunluğundan ayılmasını qeyd edir. Bayramın özü də məhz yaz və qış bərabərliyi gününə düşür. Odlar diyarı olan Azərbaycan üçün bu bayram həmişə böyük məna kəsb edib, insanlar od üzərindən atlanaraq dərdlərini, problemlərini sanki oda atıb yüngülləşirlər.

Bildirilib ki, Azərbaycanda Novruz tonqalı heç vaxt su ilə söndürülmür. İnsanlar sönmüş ocağın külünü evdən ataraq sanki yaranmış mənfi mühitdən qurtulmuş sayılırlar.

Vurğulanıb ki, dövlət səviyyəsində qeyd olunan Novruz bayramı Birinci vitse-prezident Mehriban Əliyevanın səyi ilə 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Həmçinin BMT-nin Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.

Novruzda Azərbaycan xalqı məhz bu bayrama xas şirniyyatlar bişirir, məhsuldarlıq və bərəkət rəmzi olan səməni əkir. Bu bayram həm də ailələri və dostları birləşdirir, insanları bir-birinə daha mehriban edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...