DMX qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməyə qadirdir FOTOLAR

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) yaranmasından 11 il ötür. Həmçinin 19 mart-miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür. DMX-dən SİA-ya verilən məlumata görə, bu əlamətdar gün münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və bir qrup əməkdaşı Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin aparatında bu qurumun yaranmasının 11-ci ildönümünə və miqrasiya orqanları işçilərinin peşə bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun yaranması, inkişafı və hazırkı dövrdə fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur.

Məruzəçi qeyd edib ki, ötən 11 ildə idarəetmənin təkmilləşdirilməsi, peşə hazırlığının yüksəldilməsi, xidməti intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Ötən il ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları – IV İslam Həmrəyliyi Oyunları, Formula-1 Azərbaycan Qran-Prisi, Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi və digər beynəlxalq tədbirlərdə Xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası tam təmin edilib. Bu il ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı da DMX-nın qarşısında mühüm tapşırıqlar qoyulub. Şübhə yoxdur ki, Xidmət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Xidmət rəisi təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ölkə iqtisadiyyatının davamlı inkişaf ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib. Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində DMX-nın qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb.

Firudin Nəbiyev deyib ki, bu gün DMX-nın inkişafı üçün qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin

minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Ölkə rəhbərinin Xidmətin fəaliyyətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla miqrasiya orqanları işçilərini daha böyük uğurlara ruhlandırır. Məhz dövlətin əvəzsiz dəstəyi sayəsində DMX-nın aparatının, regional miqrasiya idarələrinin inzibati binalarının tikintisi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, xidmət şəraiti beynəlxalq standartlara uyğun təchiz edilib.

Çıxışının sonunda Firudin Nəbiyev miqrasiya orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirən, peşə bayramı ərəfəsində bir qrup əməkdaşı dövlət mükafatları ilə təltif edən, ali xüsusi rütbələrə layiq görən, həmçinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müvafiq sərəncamlar imzalayan Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Əminliklə bildirib ki, DMX-nın əməkdaşları bundan sonra da müstəqilliyin, sabitliyin, təhlükəsizliyin, daxili əmək bazarının qorunmasının və Xidmətə müraciət edənlərin məmnunluğunun, ölkəmizə təşrif buyuran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi işinin keşiyində ayıq-sayıq dayanacaq, səy və bacarıqlarını əsirgəməyəcək, peşəkarlıqlarını daim artıracaqlar.

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 11-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar bir qrup əməkdaşın təltif edilməsi haqqında dövlətimizin başçısının Sərəncamı, həmçinin Xidmət rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri və xüsusi rütbələrin paqonları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə