20 mart – Ümümdünya Ağız Sağlamlığı Günüdür

Hər il 20 mart tarixində Ümümdünya Diş Həkimləri Federasiyasının ( FDI) təşəbbüsü ilə bütün dünyada Ümümdünya Ağız Sağlamlığı Günü - World Oral Health Day (WOHD) keçirilir. Həmin gün dünya ictimaiyyətinin diqqəti ağız boşluğu sağlığına, xüsusi olaraq isə, gigiyena və profilaktikanın əhəmiyyəti istiqamətinə yönəlir. 2018-ci ildə WOHD-un əsas mövzusu gözəl təbəssümünün və ağız boşluğu sağlamlığının ictimai rəydə insanın həyatında özünəinamının, xoşbəxtliyinin simvolu olaraq qəbul edilməsi əsasında qurulub. Həmin gün bir hədəfə hesablanmış digər əhəmiyyətli mövzuların – insanların ümumi sağlamlığını və firavanlığını təmin edən ağız boşluğu gigiyenasının daha da təkmilləşdirilməsi ətrafında müzakirələrin aparılması əhəmiyyət kəsb edir. Onu da xatırlatmaq vacibdir ki, uşaqların stomatoloji sağlıqlarına bilavasitə valideynləri məsuliyyət daşıyırlar.

Körpə vaxtlardan stomatoloji sağlamlığın və dispanser müşahidənin əhəmiyyəti barədə - uşaqlıqdan gözəl təbəssüm!

Bir çox valideynlər artıq uşaqlarının kiçik yaşlarından özlərinə bu cür sual verirlər: “Uşağı ağız boşluğu gigiyenasına necə öyrətməli?”. Bu məsələdə müasir stomatoloq-mütəxəssislər bəyan edirlər: əsas necə deyil, əsas nə zamandır. Çünki körpələrin ağız boşluğunun yuyulması və təmizlənməsi prosesində onun fəaliyyətini korrektə etmək olar. Axı inanmaq olmaz ki, 2 yaşlı uşaq valideynlərinin ona öyrətdiyi həmin manipulyasiyaları təkrar edə bilsin. Ümumiyyətlə, uşaq gigiyenasının onların anlamağa başladıqları vaxtlardan yaranmasını düşünmək yanlış fikirdir. Uşaqların ağız boşluğu gigiyenasına onların ilk dişləri çıxmağa başladığı andan başlamaq lazımdır. Nə qədər ki, siz, valideyn olaraq daha erkən vaxtlardan uşağınızı öz gigiyenası ilə məşğul olması amilini aşılayacaqsınızsa, gələcəkdə həmin uşağın stomatoloq kabinetlərini ziyarət etməsi prosesi daha az olacaq. Uşaq gigiyenası özündə 5 əsas qanunu ehtiva edir:

• Ağız boşluğuna qulluq ilk dişin çıxdığı vaxtdan başlayır;

• Əgər uşağın dişlərində infeksion prosesi başlayarsa, bu zaman valideynlər dərhal onu ləğv etməlidirlər. Süd dişlərində kariyesin müalicəyə ehtiyacının olmamasını düşünmək doğru deyil. Çünki bu patologiya uşaq dişlərində sürətlə inkişaf edir və ona görə, hətta mina üzərindəki ən kiçik nöqtə ciddi fəsadlara gətirib-çıxara bilər. Xüsusilə, belə hal daimi dişləri çıxmağa başlayan uşaqlar üçün təhlükəlidir.

• Uşaqların ağız boşluqlarının gigiyenası gün ərzində iki dəfə xüsusi olaraq, onlar üçün hazırlanmış fırça və minimum ftor, eləcə də mentol tərkibli diş pastası ilə həyata keçirilir.

• Uşaqlara daha erkən vaxtlarından öyrədilməlidir ki, şirin qidalar sonradan dişlərdə ciddi problemlərin inkişafına və xəstəliklərin yaranmasına səbəb olur. O cümlədən, qazlı və şirin içkilər də mümkün qədər minimuma endirilməlidir.

• Uşaq stomatoloji kabinetini ildə minimum 2 dəfə ziyarət etmək lazımdır. Uşaqlarda elə fikir formalaşdırmaq lazımdır ki, onlar stomatoloqun yaxşı və lazımi həkim olduğunu dərk etsinlər və qəbul etsinlər ki, diş həkimi onların ağız boşluğuna düzgün qulluq etmələrinə yardımçı olur.

Uşaqların gigiyena əşyalarını necə seçməli?

Uşaq diş fırçası yumşaq və uzunluğu 2 sm-i keçməyən qısa tükcüklərdən ibarət olmalıdır. Bu çox mühümdür, çünki körpənin ağız boşluğuna qulluq zamanı böyüklər üçün hazırlanmış diş fırçası ona müəyyən narahatlıqlar, ağrılar verə bilər. Diş məcunu noxud dənəciyi qədərdən artıq olmayaraq fırça üzərinə sıxmaq lazımdır. Xüsusilə, diqqət yetirin ki, uşaq diş məcununu udmasın, əks halda bu, arzuolunmaz qıcıqlanmalara, hətta bəzən disbakterioza gətirib-çıxara bilər. Diş daşının əmələ gəlməsi təhlükəsində siz, satış məntəqələrində uşaqlar üçün hazırlanmış xüsusi diş saplarına rast gələ bilərsiniz. Onlar aromatlaşdırılmış, yaxud neytral qoxulu ola bilərlər. Əsas isə budur ki, bu cür qulluq körpənizin xoşuna gəlsin. Uşağa ağız boşluğunun gigiyenasını öyrətməmişdən öncə, onu ilk olaraq özünüz üzərində nümayiş etdirin və bu prosesin ümumiyyətlə ağrısız, eləcə də əhəmiyyətli prosedur olduğunu aşılayın. Bax, onda nə sizin, nə də körpənizin dişlərində heç bir problem yaşanmayacaq.

Onu da qeyd edim ki, Azərbaycan Stomatoloji Assosiasiyası 20 illdir Ümümdünya Diş Həkimləri Federasiyasının daimi üzvüdür və beləliklə dünyada kecirilən bu işi Azərbaycandada keciririk, yanı 20 mart – Ümümdünya Ağız Sağlamlığı Gününü əhali arasında keciririk. Çünki bu, eyni zamanda insanların maariflənməsinə xidmət edə biləcək bir məsələdir. Ümumiyyətlə, belə layihələrin həyata keçirilməsi hər zaman vacibdir. Ona görə də, bizlər stomatoloq olmaqla eyni zamanda çalışırıq ki, insanların üzlərindəki təbəssüm daimi olsun. Çünki sağlam dişlər, sağlam ağız boşluğu hər bir insanın bütövlükdə sağlam ruhda yaşamasına, öz həyatını sağlam şəkildə müəyyənləşdirməsinə təkan verir. Məhz bu baxımdan, hər bir insana bu ümdə arzumuzu çatdırırıq və Ümümdünya Ağız Sağlamlığı Günü münasibəti ilə təbrik edirik.

Azərbaycan Tibb Universitetinin kafedra müdiri,

Azərbaycan Stomatologiya Assosiasiyasının Prezidenti

Rəna Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...