"Ölkəmizi tanıyaq” layihəsinin iştirakçıları Naxçıvandan qayıdıblar

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində qədim diyarımız Naxçıvanla tanış olan Bakı məktəbliləri martın 19-da paytaxta geri qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətlərinin əməkdaşları, tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Naxçıvanla tanışlıq zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, sənədlər, Ulu Öndərə məxsus geyim və şəxsi əşyalara baxıblar.

Paytaxt məktəblilərinin həmçinin Gənclər Mərkəzinə, Dövlət Bayrağı Muzeyinə, Naxçıvan Dövlət Universitetinə, bir sıra orta məktəblərə, Naxçıvan Biznes Mərkəzinə və tarixi abidələrə ziyarəti təşkil olunub.

Daha sonra iştirakçılar Naxçıvan şəhərinin füsunkar təbiətə malik olan Ordubad rayonuna səfər edib. Şagirdlər bu qədim diyarın tarixi və görkəmli şəxsiyyətlərinin ev-muzeylərində olub, onlara məxsus şəxsi əşyalar və ekspozisiyalar barədə məlumatlandırılıblar.

Məktəblilər Naxçıvan, Ordubad şəhərlərinin, Culfa, Şahbuz rayonlarının tarixi, mədəni abidələri, turizm mərkəzləri və digər görməli yerləri ilə də tanış olublar.

Naxçıvana səfərdən razılığını bildirən Bakı məktəblisi Gülçin Hacıyeva təəssüratlarını AZƏRTAC-la bölüşərək deyib: “Naxçıvan ilk tanışlıqdan bizi heyran etdi. Naxçıvan, Ordubad, Culfa, Şahbuz kimi şəhərlər tarixi və memarlıq inciləri bizi valeh etdi. “Əlincəqala” bizə unudulmaz anlar yaşatdı. Qalaya qalxmaq çox çətin oldu, lakin burada gördüyümüz mənzərə bu əziyyəti sanki bizə unutdurdu. Yaradılan bütün şəraitə görə dövlətimizə və təşkilatçılara təşəkkürümüzü bildiririk”

Digər müsahibimiz Şamil Abbaslı səfərdən məmnunluğunu bu sözlərlə ifadə edib: “Naxçıvanda “Xan Sarayı”, Möminə Xatun türbəsi, “Əlincəqala”-sı, Hüseyn Cavid məqbərəsi ilə tanış olduq. Naxçıvanın qədim tarixi, füsunkar və bənzərsiz təbiəti bizi heyran etdi. Kitablarda oxuduğumuz Naxçıvanı gözlərimizlə gördük. Bütün şagirdlər adından dövlətimizə, tur-aksiya təşkilatçılarına yaradılan imkana görə minnətdarlığımı bildirirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə