Azərbaycanın Avstriyadakı səfirliyi Vyanadakı Novruz şənliyi təşkil edib. SİA xəbər verir ki, səfir Qalib İsrafilov tədbirdə çıxış edərək Novruz bayramı münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Diplomat Novruz bayramının Azərbaycan xalqı, o cümlədən regionda yerləşən bir sıra xalqlar tərəfindən ənənəvi olaraq təntənəli şəkildə qeyd edildiyini bildirib, bu bayramın xalqımız tərəfindən ən qədim dövrlərdən bu günədək qorunub saxlandığını və geniş qeyd edildiyini diqqətə çatdırıb.

Q.İsrafilov bildirib ki, qədim tarixə malik və öz milli adət-ənənələrinə sadiq olan Azərbaycan, eyni zamanda mütərəqqi və müasir inkişafın getdiyi bir ölkədir. Məhz ilk dəfə müsəlman və Şərq aləmində ilk demokratik cümhuriyyət Azərbaycanda qurulub və Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi həm ölkə daxilində, eləcə də xaricdə geniş şəkildə qeyd ediləcəkdir. Aprelin 11-də Azərbaycanın ictimai-siyasi həyatında ən mühüm hadisəyə - prezident seçkilərinin keçiriləcəyinə toxunan səfir soydaşlarımızı ölkəmizin Avstriyadakı səfirliyində yaradılmış seçki məntəqəsinə gələrək öz siyasi iradələrini ifadə etməyə çağırıb.

Səfir milli adətlərin qorunub saxlanmasının ölkə xaricində yaşayan soydaşlarımız və yeni nəsil üçün də vacibliyini vurğulayaraq, milli bayramlar və anım günlərində həmyerlilərimizin bir araya gəlməsinin əhəmiyyətini yüksək qiymətləndirib. O, tədbirin təşkilində göstərdiyi dəstəyə görə, Vyanada fəaliyyət göstərən "AZERİ-DER" Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin rəhbəri Yardım Günəşə təşəkkürünü bildirib. Milli mətbəximizin ləziz təamlarından və bayram şirniyyatlarından ibarət ziyafət Azərbaycan milli musiqisi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə