Baharın gəlişi coşqu ilə qeyd olunur

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən bayram tədbirində əsl Novruz ovqatı yaşanıb. Elimizin əziz bayramı, Baharın müjdəçisi Novruz universitetində böyük coşqu ilə qeyd olunub. SİA xəbər verir ki, bayram şənliyində çıxış edən universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov ali təhsil ocağının müəllim və tələbələrini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Novruz bayramının ta qədimlərdən xalqımızın ən əziz bayramı olduğunu, adət-ənələrinin sevilə-sevilə qorunaraq bu günümüzə qədər yaşadıldığını vurğulayan İ.Əsgərov bunu xalqın öz-soy kökünə bağlı olması ilə əlaqələndirib. Mərasimdə universitetin ictimai-mədəni həyatında fəal iştirak edənlərin bir qrupu mükafatlandırılıb, onlara fəxri fərmanlar təqdim olunub. Rəsmi hissədən sonra meydan Novruz bayramının atributları olan Bahar qıza, Kosa və Keçələ verilib. Tələbələrin ifasında səslənən şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, şux zarafatlar tədbirə bir əlvanlıq, rəngarənlik qatıb, iştirakçılara əsl bayram ovqatı yaşadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə