AXC-nin 100 illiyinə həsr olunmuş məktəblərarası bilik yarışması keçirilib FOTO

Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məktəblərarası viktorina keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, Azərbaycanın zəngin tarixinin öyrənilməsi, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyinə və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intelektual yarışda Xətai rayonu 55 saylı tam orta məktəb, Səbail rayonu T.İsmayılov adına 6 saylı məktəb-lisey və M.Rahim adına 7 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.

Bilik yarışmasının sualları orta məktəbin “Azərbaycan tarixi” fənni proqramı və Muzeyin elmi-ekspozisiyasına uyğun olaraq hazırlanıb.

Viktorina Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. İştrakçılara aparıcı tərəfindən verilən suallar monitorda slayd vasitəsilə müşaiyət olunurdu. Yarışmanın turları “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr” və “Milli Azərbaycan Tarixi Muzeyini necə tanıyırsan ?” adlı mövzular üzrə keçirilib. Maarifləndirici yarışda hər biri 6 nəfərdən ibarət 3 – “Odlar yurdu”, “Xəzər”, və “Sabah” komanda iştirak edib.

İntelektual yarışda komandaların cavablar muzeyin direktoru, akademik Nailə Vəlixanlı başda olmaqla elmi işçilərdən ibarət münsif heyəti tərəfindən qiymətləndirilib.

Qızğın mübarizə şəraitində keçən bilik yarışmasının qalibi Xətai rayonu 55 saylı tam orta məktəbin “Odlar yurdu” komandası olub. Qaliblər diplom, Muzeyin nəfis tərtibatlı nəşrləri və xüsusi hədiyyə kimi Milli Azərbaycan Tarixi Muzeyinin “Ailə bileti” ilə mükafatlandırıldılar. Sonda iştirakçı məktəblərin tarix müəllimələri “Azərbaycan tarixi” mövzusunda keçirilmiş viktorina haqqında fikirlərini və təşkilatçılara minnətdarlığını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...