Buzovna qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Bu gün Buzovna qəsəbəsindəki Ruhulla Axundov adına Mədəniyyət Evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, qəsəbə icra nümayəndəliyinin və bələdiyyənin işçiləri və qəsəbə sakinləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Respublikada sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərdən və Xəzər rayonunda o cümlədən Buzovna qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışıb.

Görüşdə çıxış edən millət vəkili Rauf Əliyev ölkədə gedən inkişaf proseslərindən, həyata keçirilən sosial layihələrdən danışıb. Millət vəkili qəsəbə sakinləri ilə bundan əvvəlki görüşlərdə qaldırılmış həlli vacib bir sıra məsələlərin həlli istiqamətində görülən işlər və hal-hazırda həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verib.

Daha sonra R.Əliyev sakinlər tərəfindən ona edilən müraciətlərlə bağlı tədbirlərin yerinə yetirələcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Səyyar görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda, xüsusilə Buzovna qəsəbəsində içməli su təchizatı ilə bağlı layihənin yerinə yetirilməsinə görə razılıqlarını ifadə edib, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmçinin sakinlər, qəsəbədə qaz, içməli su, kanalizasiya, piyada keçidlərinin tikilməsi, qəsəbə daxili yolların asfaltlanması ilə bağlı mövcud problemlərdən söz açıblar.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən və nəzərdə tutulan işlərdən danışıb və sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə