Astarada İcra başçısı Ojakəran kəndində sakinlərlə görüşüb

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ojakəran kəndində əhali ilə səyyar qəbul və görüşü olub. SİA-nın məlumatına görə, İcra başçısı kənd sakinlərini salamlayaraq qonşu kəndlərdə keçirdiyi səyyar qəbullarda tez-tez görüşmələrinə baxmayaraq, bu gün Ojakəran kəndində növbəti dəfə yerli sakinlərlə görüşüb onları dinləmək, kəndin problemləri ilə yerində tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırıb.

Kənd sakinləri əvvəlki görüşlər zamanı qaldırılan məsələlərin həlli, xüsusən, uzun illər əziyyət çəkdikləri yolun asfaltlaşdırılması, əhalinin təbii qaza olan ehtiyacının ödənilməsi üçün əməli tədbirlərin görüldüyünü yüksək qiymətləndirib, görülən işlərə görə minnətdarlıq ediblər. Nəsibulla Hidayətov, Nizami İbayev, Əlövsət Talıbov, Əbülfət Talıbov, Kamil Kamilov, Eldar Həmdəmov və başqaları çıxış edərək respublikamızda və rayonumuzda əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində görülən işlərə hədsiz sevindiklərini, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə ediblər. İcra başçısına razılıqlarını bildirmiş, kəndə gələn əsas avtomobil yolunun təmiri, feldşer-mama məntəqəsinin fəaliyyətinin bərpası, kəndə suvarma suyunun verilməsi, qazlaşdırılmayan məhəllələrin qazlaşdırılması və digər məsələlər barədə təkliflər veriblər.

Səmimi və işgüzar görüşə görə sakinlərə təşəkkürünü bildirən İcra başçısı Qəzənfər Ağayev yerli əhəmiyyətli məsələlərin həllinə aidiyyəti üzrə tapşırıqlar verərək zaman tələb edən digər məsələlərin icrasına müvafiq köməkliklərin göstəriləcəyini bildirib.

Hazırda rayonda əhəmiyyətli sosial layihələrin – dənizkənarı park-bulvarın ərazisinin yeni layihəyə uyğun genişləndirilməsi, şəhərə içməli suyun çəkilməsi, qazlaşdırılmayan kəndlərin qazlaşdırılması, elektrik xətt təsərrüfatının yenidən qurulması istiqamətində görülən işləri iştirakçıların nəzərinə çatdıran icra başçısı, rayonun şəhər, qəsəbə və kəndlərində, o cümlədən Kijəbə qəsəbə ərazisində tikinti-quruculuq və abadlıq işlərinin davam etdiriləcəyini, bu il qəsəbənin ərazisində mühüm işlərin görüləcəyini diqqətə çatdırıb.

Ojakəran və ətraf kəndlərin ərazisində olan torpaqların subtropik və sitrus bitkiçiliyi üçün olduqca əlverşli olduğunu bildirərək boş qalan hər qarış torpağın əkilməsinin vacibliyini, bunun insanların ailə büdcəsinə böyük səmərə verəcəyini vurğulayıb, dövlət başçısı möhtərəm cənab İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamını iştirakçıların nəzərinə çatdırıb.

Bildirib ki, yeni məhsuldar sitrus bitki sortlarının yetişdirilməsinə diqqət artırılmalı, yüksək məhsuldarlıq əldə etmək üçün səmərəli vasitələrdən istifadə edilməlidir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə