Lənkəran ŞİH başçısı ictimaiyyət nümayəndələri ilə görüşüb

Lənkəran ŞİH başçısı Taleh Qaraşov Heydər Əliyev mərkəzində ictimaiyyət nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşü açan İcra başçısı ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş verən müsbət dəyişiliklərdən və bu dəyişiliklər fonunda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən geniş söhbət açaraq əldə olunmuş uğurları bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb.

Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə son illərdə Lənkəran şəhərində tikinti-abadlıq və mədəni quruculuq tədbirlərinin daha da genişləndiyini qeyd edərək ölkə başçısının müvafiq sərəncamları ilə rayonda irihəcmli yol layihələrinin icra olunduğunu, çoxmənzilli yaşayış binalarında əsaslı təmir-bərkitmə işlərinin görüldüyünü, dam örtüklərinin dəyişdirildiyini qeyd edib. İcra başçısı rayonda elektrik təsərrüfatında davam etdirilən yenidənqurma və texniki avadanlıqların təkmilləşdirilməsi tədbirlərini xüsusi vurğulayaraq əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təchizatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində mühüm işlərin görüldüyünü bildirib. Eyni zamanda natiq rayonda aqrar sahənin inkişafında yeni mərhələnin başlandığını önə çəkib, bu sahədə əldə olunan uğurları sadalayaraq dövlət tərəfindən göstərilən qayğı sayəsində sahibkarlığın inkişafı üçün əlverişli imkanların yarandığını, nəticədə rayonda ümumi məhsul buraxılışının dəfələrlə artdığını, çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyi sahəsində böyük uğurların qazanıldığını, çoxlu iş yerlərinin açıldığını, məhsul bolluğunun yarandığını, bunun da nəticəsində bazarda qiymətlərin artmasının qarşısının alındığını xüsusi vurğulayıb.

Görüşdə çıxış edən sakinlər son illərdə Lənkəranda həyata keçirilən quruculuq-abadlıq işlərini, qəzalı vəziyyətdə olan 13 çoxmənzilli yaşayış binalarının bərkitmə-gücləndirmə işlərini, dam örtüklərinin dəyişdirilməsini, küçə və səkilərin bərpasını, asfaltlanmasını, işıqlandırıcıların quraşdırılmasını, rayonda kənd təsərrüfatının inkişafına göstərilən diqqəti yüksək qiymətləndirərək bu qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...