Bayıl sürüşmə zonasında bayram tədbiri

Bayıldakı "Riviera" mehmanxanasında Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, Yel çərşənbəsi günü münasibətilə təşkil olunan və bayram süfrəsi arxasında toplaşanları salamlayan RİH başçısı ilk növbədə iştirakçıları xalqımızın ən əziz bayramlarından olan Novruz münasıbəti ilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırıb.

Bildirilib ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədi ilə bir sıra təxirəsalınmaz tədbirlər görülüb, əhalı vaxtında təhlükəli zonadan köçürülüb, müvəqqəti sığınacaq yaradılıb, vətəndaşların digər sualları həll olunub. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq dövlər tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınib və bu işlər həyata keçirilib. Evləri tam uşmuş vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcəkdir.

Hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır. Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar verıləcəkdir. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir.

Tədbirdə iştirak edən vətəndaşların çoxsaylı sualları RİH başçısı tərəfindən cavablandırılib, onlar bu problemli məsələlərinin həllinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Səmimi şəraitdə keçən görüşün sonunda sürüşmə ərazisindən köçürülən ailələrə novrüz sovqatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə