İnsanlığa və bəşəriyyətə qarşı cinayət - Xocalı soyqırımı

Fevralın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.

AMEA-dan bildirilib ki, “Xocalı soyqırımı – insanlığa və bəşəriyyətə qarşı cinayətdir” mövzusunda keçirilən tədbirdə iştirakçılar əvvəlcə Dövlət Komissiyasının işçi qrupu tərəfindən nəşr edilmiş əyani vəsaitlər və foto-stendlə tanış olublar.

Tədbirdə İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədilib. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunub, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan atəş açılıb, şəhər yandırılıb, silahsız şəhər sakinləri amansızlıqla qətlə yetirilib. Bir gecədə qədim Xocalı yerlə-yeksan edilib. Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələri ilə müqayisə oluna bilər. Çünki burada baş verənlər silahsız və köməksiz sadə insanlara qarşı əsl soyqırımı hadisəsidir.

Azərbaycan xalqının Xocalı faciəsini heç vaxt unutmayacağını bildirən R.Abdullayeva deyib: “Tariximizin belə acı səhifələrini gələcək nəsillərə də çatdırmalıyıq ki, dostlarımızı və düşmənlərimizi tanıyaq, bir olaq, dövlətçiliyimizi, müstəqilliyimizi daha da möhkəmləndirək”.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girov, itkin problemi” mövzusunda məruzə ilə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş terror, soyqırımı, etnik təmizləmə, vandalizm və əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə konkret misallarla məlumat verib.

Sonra MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlünün “Xocalı faciəsi yerli və dünya mediasında”, İqtisadiyyat İnstitutunun maliyyə, pul-kredit siyasəti şöbəsinin müdiri Tanrıverdi Paşanın “Xocalı soyqırımı XX əsrdə xalqımızın ən böyük faciəsi və erməni seperatizmini dəstəkləyən supergüclərin ifşasıdır” mövzularında məruzələri dinlənilib.

Xalqımızın öz tarixi torpaqlarına qayıdacağına əminliyini bildirən İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli ordumuzun buna qadir olduğunu deyib. O, şəhidlərimizin qanının yerdə qalmayacağına, tezliklə bütün işğal altındakı torpaqlarımızın azad olunacağına inamını ifadə edib.

Diqqətə çatdırılıb ki, hazırda Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin uğurlu hücum diplomatiyası siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilir. Xüsusilə bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən aparılan işlər təqdirəlayiqdir.

Sonda tədbir iştirakçıları aparılan sistemli fəaliyyət nəticəsində Xocalı soyqırımının təşkilatçıları və icraçılarının beynəlxalq cinayət hüququ müstəvisində layiqli cəza alacaqlarına inamlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...