BŞGİBİ və GYF-nin Xocalı soyqırımına həsr olunmuş birgə tədbiri keçirilib FOTOLAR

Bu gün Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının XXVI ildönümünə həsr olunmuş toplantı və “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Baş İdarədən SİA-ya verilən məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkili Sona Əliyeva, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, qazilər, Xocalı sakinləri, valideyn və müəllimlər iştirak ediblər.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımına həsr edilmiş vidoçarx nümayiş edilib.

Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulamışlar, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər.

Daha sonra inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. I yerə Nərimanov rayonu 34 saylı orta məktəbin şagirdi Ayşən Qocayeva, II yerə Nizami rayonu 10 saylı orta məktəbin şagirdi Məhrubə Abdullayeva, III yerə isə Xətai rayonu 265 saylı orta məktəbin şagirdi Rəhimə Məmmədova layiq görüldülər. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə