Bakı Dövlət Universitetinin (BDU), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlı yeni sənədli filim lentə alınıb. Filmin məsləhətçisi BDU-nun rektoru, akademik Abel Məhərrəmov, ssenari müəllifi, rejissoru və prodüseri bu universitetin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşiddir. Tarixi-publisistik, elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi və psixoloji aspektləri təqdim olunur.

Elmi-siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri terror və kütləvi qırğın aktlarının, soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim olunur. Filmdə əsir və girov düşmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin faciə qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu genosidin təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələ də Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.

Filimdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlıq Osmanlı Arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə