Şəxsiyyət vəsiqələrinin verilməsi sürətləndirib

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün ölkəni əhatə edən irimiqyaslı layihə çərçivəsində 22 saylı Nəsimi ikinci seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatıb.

SİA xəbər verir ki, dairə seçki komissiyasının sədri Vaqif Qasımov komissiyanın məntəqələrdə səsvermə prosesinin əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada yüksək səviyyədə təşkili üçün ciddi işlər gördüyünü deyib. O əlavə edib ki, ümumiyyətlə, ölkəmizdə şəffaf seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza var.

Qeyd edilib ki, 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 28 məntəqə var və onların 10-da veb-kameralar quraşdırılıb. 38 min 38 seçicinin qeydə alındığını deyən DSK sədri bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən verilən təlimata uyğun olaraq məntəqələr hazır vəziyyətə gətirilib.

Nəsimi rayon polis idarəsinin rəis müavini Mehman Əliyev və ictimai təhlükəsizlik şöbəsinin rəisi Vüsal Axundov çıxış edərək bildiriblər ki, polisin əsas vəzifələrindən biri seçki prosesi zamanı mövcud olan sabitliyi qoruyub saxlamaqdır. Daxili İşlər Nazirliyi seçki prosesinə hər hansı müdaxilənin baş verməməsi, təhlükəsizliyin tam təmin olunması istiqamətində seçki komissiyaları ilə qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərəcək. Bundan başqa, seçkidə bütün vətəndaşların iştirakını təmin etmək üçün rayon polis idarəsi şəxsiyyət vəsiqələrinin verilməsi prosesini sürətləndirib.

Daha sonra tədbir müzakirələrlə və sual-cavabla davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə