İnternat məktəbində Beynəlxalq Ana Dili Günü qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları 21 fevral - Beynəlxalq Ana Dili Gününü Bilgəh qəsəbəsindəki 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri ilə birlikdə qeyd ediblər. Əvvəlcə Azərbaycanın dövlət himni və ümummilli lider Heydər Əliyevin ana dili haqqında fikirləri səsləndirilib.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məktəbin direktoru Gülnarə Abdullayeva təhsil müəssisəsi barədə məlumat verib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində yaradılmış təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.

MEK-in direktoru L.İmanova 11 nömrəli internat məktəbinin nümunəsində Azərbaycanda təhsilə, milli dəyərlərin təbliğinə, yaradıcılığa önəm verildiyini, şagirdlərin təhsil mütəxəssisləri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunduqlarını xüsusi vurğulayıb. Şagirdlər Azərbaycanın görkəmli ədib və şairlərinin ana dilimizə həsr etdikləri şeirləri səsləndirib, Məmməd Səid Ordubadinin “Ana dili”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərlərindən parçalar göstəriblər.

Sonda MEK-in əməkdaşları iştirakçılara dünya və Azərbaycan ədəbiyyatından kitablar hədiyyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə