“La Vanguardia” qəzeti Xocalı soyqırımından yazdı

İspaniyanın nüfuzlu “La Vanguardia” qəzeti Azərbaycan Respublikasının İspaniyadakı səfirliyinin Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbir haqqında məqalə yayıb. Məqalədə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun tədbirdəki çıxışından fikirlərə yer verilib. Azərbaycan səfiri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü, bu soyqırımı faktının beynəlxalq aləm tərəfindən hələ də ədalətli qiymətini almadığını qeyd edib.

İspaniya qəzeti BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağla bağlı qətnamələr qəbul edildiyini, bu qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasının tələb olunduğunu xatırladır.

Məqalənin sonunda Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” kampaniyasının bir hissəsi olduğu vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...