Vətəndaşlara qayğı dövlətin apardığı siyasətin mühüm prinsiplərindəndir MÜSAHİBƏ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin müsahibəsini təqdim edirik:

- Hadi müəllim, dünyada baş verən mürəkkəb proseslər nəticəsində bir çox ölkələr maliyyə-iqtisadi böhranla üzləşiblər. Təbii ki, bu proseslər regionumuza da təsirsiz ötüşməyib. Bütün bunların fonunda Azərbaycanın sosial-iqtisadi cəhətdən inkişafını şərtləndirən əsas amillər nədən ibarətdir?

- Ümumiyyətlə, qlobal böhran beynəlxalq aləmdə, bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra mənfi tendensiyalarla biruzə verir. Amma Azərbaycanda həyata keçirilən düşünülmüş, mütərəqqi siyasət nəticəsində bu böhranın təsiri ölkəmizə təsiri cüzi olub. Reallaşdırılan islahatlar nəticəsində son bir neçə ildə sosial-iqtisadi inkişaf proseslərində mühüm nəticələr əldə edilib. Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir.

Mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Hesab edirəm ki, iqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək.

- Bütövlükdə, Azərbaycanda həyata keçirilən sosial siyasətin səciyyəvi xüsusiyyətlərini necə izah edərdiniz?

- Əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət mürəkkəb struktura malik olmaqla çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir.

Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. Azərbaycanda Ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti, cəmiyyətin hər bir stratının mənafeyinin nəzərə alınması Ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başladı. O cümlədən, yoxsulluğun aradan qaldrılması üçün mühüm işlər görüldü. ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır.

Artıq 12 ildir ki, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bilirsiniz ki, ünvanlı sosial yardımların verilməsi qaydaları təkmilləşdirilir və bu sahədə neqativ halların aradan qaldırılması üçün tədbirlər görülür. Bu məqsədlə yardımların verilməsində məmur-vətəndaş ünsiyyətinin minimuma endirmək üçün elektron sistem tətbiq olunur.

- Fevralın 9-da Azərbaycan Prezidenti tərəfindən “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalanıb. Bu Sərəncamın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...

- Azərbaycan Prezidentinin bu Sərəncamı pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində növbəti addımdır. Hesab edirəm ki, Sərəncam bütövlükdə əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin uğurlu davamıdır. Bilirsiniz ki, ölkəmizdə 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb. Sığorta-pensiya sistemində növbəti islahat tədbiri kimi, “Əmək pensiyaları haqqında” qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan mütərəqqi dəyişikliklər bu sistemin tam sığorta prinsipləri üzərində formalaşmaqla uzunmüddətli və etibarlı maliyyə dayanıqlığına, bazar iqtisadiyyatı şəraitində sosial rifah tələblərinə uyğun layiqli pensiya təminatı imkanlarının artırılmasına xidmət edib. Bu dəyişikliklər həmçinin, uzun illər ölkəmizin pensiya qanunvericiliyində mövcud olmuş “əmək pensiyasının baza hissəsi” anlayışının aradan qalxmasına, pensiyaların baza və sığorta hissələrinin birləşdirilərək vahid məbləğ kimi müəyyən edilməsinə səbəb olub. Xatırladım ki, əvvəllər hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsi əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılırdı. Amma cari ildən isə əmək pensiyalarının ümumi məbləğinin ölkə üzrə orta aylıq əmək haqqının əvvəlki ildəki artım faizinə uyğun indeksləşdirilərək artırılması mexanizminə keçilir. Bu tədbir isə pensiyaçı vətəndaşların sosial maraqlarının daha tam şəkildə təmin olunmasına imkan verir.

2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempi 5,7 faiz səviyyəsində müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızda əmək pensiyalarının ümumi məbləğinin də 2018-ci il yanvarın 1-dən hesablanaraq həmin göstəriciyə uyğun, yəni 5,7 faiz artırılması təmin ediləcək. Artıq bu yöndə müvafiq tədbirlər həyata keçirilir.

Rəsmi məlumatlara əsasən 1 yanvar 2018-ci il vəziyyətinə görə, ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Dövlət başçısının sözügedən Sərəncamına əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Hesab edirəm ki, bu qərar ölkəmizdə uğurlu sosial siyasətin göstəricisidir və bu siyasət davamlı xarakter daşıyır.

- Hadi müəllim, fevralın 13-də Milli Məclisin iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul olundu. Belə bir qanunun hazırlanmasına zərurət nədir?

- Bildiyimiz kimi, qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 25 il bundan öncə qəbul olunub. 2008-ci ildə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının "Əlillərin hüquqları haqqında" Konvensiyasına və bu sənədin Fakültativ protokoluna müvafiq bəyanatla qoşulmaqla orada təsbit olunmuş prinsiplərə sədaqətli olduğunu nümayiş etdirib. Qüvvədə olan bu qanunun qəbul olunduğu dövrdən uzun müddət keçməsi ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranıb. Zaman və mövcud reallıqlar yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu özü göstərdi və bunun üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi BMT-nin,Avropa beynəlxalq təşkilatlarının, əlaqədar icra strukturlarının geniş əməkdaşlığı nəticəsində son dörd il ərzində hazırlandı.

Azərbaycanda fiziki qüsurlu insanların sayı bugünkü hesablamalara görə təxminən 620 min nəfər təşkil edir. Bu ölkə əhalisinin 6%-ə qədəridir. Nəzərə alsaq ki, bu faiz dünyada 10-12 civarında hesablanır və bizdə ölkə əhalisinin sayı son illər bir milyon yarıma qədər artsa belə bu qrup insanların sayı demək olar ki, dəyişməyib. Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi çox vacib bir sferaya, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlərin fundamental prinsiplərini özündə ehtiva edən bir hüquqi sənəddir.

Bu qanunun əsas mahiyyəti əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsini, hüquq və azadlıqlarının etibarlı qorunmasını, dövlət orqanlarının BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun fəaliyyət göstərməsini təmin etmək, habelə onların sosial və digər təminatlarının tənzimlənməsindən ibarətdir. Fikrimcə, bu sənəd istər əlilliyi olan şəxslərin hüquqlarını, istərsə də müvafiq icra hakimiyyəti orqanlarının vəzifələrini müəyyən etməklə yanaşı onların qarşılıqlı münasibətlərini tənzimləyəcək və bu gün üçün mövcud olan boşluqları dolduracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə