Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlı yefreytorun Smolenskdəki məzarı ziyarət edilib

Böyük Vətən müharibəsində həlak olmuş yefreytor Mirzəyev İbiş Rza oğlunun ailə üzvləri onun Smolenskdəki məzarını ziyarət ediblər. Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Smolensk vilayətində fəaliyyət göstərən “Dolq” Axtarış Birliyi ictimai təşkilatı tərəfindən hər il regionda Böyük Vətən müharibəsində həlak olmuş insanların cəsədlərinin axtarışı və dəfn edilməsi məqsədilə ekspedisiyalar təşkil olunur.

Axtarış işləri zamanı 1943-cü ildə Smolensk vilayətinin Demidov rayonunun azad olunmasında iştirak etmiş 101-ci atıcı briqadanın döyüşçülərinin cəsədləri tapılıb. Onların hamısının şəxsiyyətləri müəyyən edilib.

Ötən il sentyabrın 21-də əsgərlərin cəsədləri Demidov rayonunun Lobanovo kəndinin “Xatirə meydanı” memorialında bütün hərbi və dini ayinlərə riayət edilməklə təntənəli surətdə dəfn olunub.

Həlak olanlar arasında Rusiyanın Tula, Saratov, Perm, Voronej şəhərlərindən, həmçinin Azərbaycan, Gürcüstan, Özbəkistan, Ukrayna, Qazaxıstandan hərbçilər var. “Dolq” təşkilatı Laçın rayonundan olan soydaşımız 1907-ci il təvəllüdlü yefreytor Mirzəyev İbiş Rza oğlunun məzarının tapılması haqda onun yaxınlarına məlumat verib.

Bu ilin fevralında təşkilat həlak olmuş hərbçilərin yaxınlarını bir araya toplayaraq 101-ci atıcı briqadanın döyüşçülərinin xatirəsini anmaq məqsədilə matəm tədbirləri keçirib. Səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, səfirlik tərəfindən yefreytor Mirzəyev İbiş Rza oğlunun ailə üzvlərinin tədbirdə iştirakı təşkil olunub. Böyük Vətən müharibəsində həlak olmuş soydaşımızın ailə üzvləri 75 ildən sonra öz doğmalarının məzarını ziyarət edə biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə