Bayıl yamacında tədqiqatlar davam etdirilir

Səbail rayonu ərazisində - Bayıl yamacında mütəxəssislərin müşahidələri davam edir. İlkin hesabat Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sürüşmənin tam stabilləşdiyini demək düzgün deyil, proses yenidən aktivləşə bilər. Sürüşən blok üzərində çoxsaylı enli çatlar olduğundan onun üzərinə çıxıb ölçü işləri aparmaq təhlükəlidir. Sadəcə kənardan müşahidə aparılır, mayak qoymaq hələ mümkün deyil. Həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin müşahidə bazaları var. Onlar yamacdakı səthi sürüşməni müəyyən edə bilirlər.

Ə.Qaralov diqqətə çatdırıb ki, yağıntılar olarsa, qrunt ağırlaşar, sürüşmə prosesi sürətlənə bilər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə Bayıl yamacında uzunmüddətli tədqiqatların aparılmalı olduğunu söyləyib. “Hər gün çoxşaxəli seysmoloji gərginlikli tədqiqatlar aparılır. Monitorinqlər bir neçə ay davam etməlidir. Prosesin başvermə səbəbləri, sürüşmə müstəvisi, hansı əraziləri əhatə etməsi, istiqaməti, kütləsi, dərinliyi öyrənilir. Araşdırmalar başa çatandan sonra hesabat hazırlanacaq”, - deyə baş direktor qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...