Tibb Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalandı

Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bilik Fondunun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sənədi Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Tibb Universitetinin rektoru Gəray Gəraybəyli imzalayıblar.

Memorandumda birgə konfransların, simpoziumların, seminarların və əhalinin tibbi maarifləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, sosioloji araşdırmalarla bağlı birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, yaradıcı gənclər arasında müsabiqələrin və Universitetin professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.

Rektor Gəray Gəraybəyli universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, tibb sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat verib. Professor Bilik Fondunun ölkədə bütün sahələrdə aparılan quruculuq proseslərini, daxili və xarici siyasətin mahiyyətini ictimaiyyətə çatdıran bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu ifadə edib.

Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın missiyasından, bu günə kimi görülən işlərdən, layihələrdən danışıb. Bildirib ki, Fondun apardığı maarifləndirici işlər arasında əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği xüsusi yer tutur. Tibb Universitetinin professor-müəllim heyətinin də Fondun “Tibbi maaarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini qeyd edən icraçı direktor bu əməkdaşlığın əhalinin praktik biliklərinin artırılmasına, sağlam və bilikli insan potensialının formalaşmasına töhfə verəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə