Azərbaycan səfiri Tacikistanın nəqliyyat naziri ilə görüşüb

Azərbaycan ilə Tacikistan arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadənin bu ölkənin nəqliyyat naziri Xudoyor Xudoyorzadə ilə görüşündə aparılıb.

Görüşdə 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu ilə Tacikistan yüklərinin daşınması və tariflərlə bağlı məsələlər müzakirə edilib. Bu layihənin gerçəkləşməsi nəticəsində yaranan Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb.

Bundan başqa, Bakı və Düşənbə arasında birbaşa aviareyslərin bərpası məsələləri və nəqliyyat sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Aviasiya sahəsində əməkdaşlıq kontekstində Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit kimi istifadə olunması imkanları nəzərdən keçirilib.

Söhbət zamanı Azərbaycanla Tacikistan arasında imzalanan 40-dan çox sənədin ölkələrimiz arasında əsaslı hüquqi baza yaratdığı qeyd edilib. İkitərəfli əlaqələrin daha da dərinləşdirilməsi üçün birbaşa hava reysinin bərpasının vacibliyi bir daha vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə