Dindarlar Prezidentin inanclı insanlara qayğısını yüksək qiymətləndirirlər

Azərbaycanda bütün dini konfessiyalara eyni münasibət göstərilir. Onlara dini ayinlərini icra etmələri üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev inanclı insanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Dindarlarımız bunu yüksək qiymətləndirirlər. SİA-nın verdiyi məlumata görə, bu fikirləri prezident seçkiləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən tədbirdə idarənin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.

Şeyxülislam qeyd edib ki, Azərbaycan dindarları aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.

Tədbirdə çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Roma Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və başqaları ölkəmizdəki dini tolerantlıq mühitindən razılıqlarını bildiriblər.

Tədbirdə Azərbaycandakı dini konfessiya rəhbərlərinin aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanatı qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə