VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şamaxıya gəlib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə bir gün əvvəl Bakıda start götürən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi fevralın 13-də Şamaxıda işini davam etdirib. SİA-nın verdiyi məlumata görə, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya, Ukrayna kimi ölkələrin aparıcı universitetlərindən 30 nəfərə qədər tələbə iştirak edir.

Şamaxı şəhərindəki Şirvan otelinin konfrans zalında tələbələr qarşısında Azərbaycan Dillər Universiteti Azərbaycan multikulturalizmi elmi tədqiqat laboratoriyasının müdiri İrina Kuninanın “Azərbaycanda etnik müxtəliflik“ və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyevin “Azərbaycan multikulturalizmi fənninin xarici ölkələrdə tədrisi” mövzularında mühazirələri dinlənilib.

İrina Kunina mühazirəsində eyniadlı videosüjetin müşayiəti ilə tələbələrə Azərbaycanın multikultural durumu, etnik mənzərəsi haqqında məlumat verərək deyib: “Azərbaycan polietnik dövlətdir. Xalq titul etnosdan – Azərbaycan türklərindən və avtoxton milli azlıqlardan – udinlərdən, ingiloylardan, qrızlardan, xınalıqlardan, buduqlardan, tatlardan, talışlardan, ləzgilərdən və başqa azsaylı xalqlardan təşkil olunub. Bu xalqlar Azərbaycan türkləri ilə birlikdə vahid polietnik Azərbaycan xalqını təşkil edir. Bu xalqlardan başqa ölkəmizdə ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar da yaşayırlar. Bu milli azlıqların hər birinin muvafiq olaraq tarixi vətəni var və Azərbaycan ərazisində yaşayan alloxton milli azlıqlara aid edilirlər. Təkcə Bakıda iyirmidən yuxarı müxtəlif mədəni icma fəaliyyət göstərir. Bunların sırasında- rusların, ukraynalıların, kürdlərin, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, Axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların cəmiyyətləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev isə mühazirəsində BBMM Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin ideya və dərs proqramının müəllifi olduğu “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkədaxili universitetlərdə tədrisi layihəsinin əhəmiyyətindən söz açıb və bu layihə vasitəsilə beynəlxalq ictimaiyyətin ölkəmizin multietnik və çoxkonfessiyalı durumu haqqında bilgi əldə etmək imkanı olduğunu vurğulayıb. S.Xuduyev deyib:“Bu fənn hazırda ölkəmizin 38, dünyanın 18 nüfuzlu universitetində tədris edilir. Fənnin tədrisində məqsəd Azərbaycanı dünyaya başqa rakursdan təqdim etmək, xalqımızın tolerantlıq ənənələrini, multikultural dəyərlərini beynəlxalq ictimaiyyətə tanıtmaqdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Prezident İlham Əliyevin Azərbaycan multikulturalizmini dünyada tanıtmaq istiqamətində müəyyənləşdirdiyi hədəflərin gerçəkləşməsinə öz layiqli töhfələrini verir. Bu layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu xarici ölkə universitetlərinin sayı ildən-ilə artmaqda davam edir”.

Mühazirələrdən sonra tələbələrin sualları cavablandırılıb. Xarici ölkələrdən olan tələbələr əsasən almanların, yəhudilərin, xınalıqlıların, malakanların Azərbaycanda məskunlaşmaları ilə bağlı suallar verirdilər. Qeyd edək ki, beynəlxalq multikulturalizm qış və yay məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 18, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmalarına şərait yaratmaqdır.

Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilir. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.

Günün ikinci yarısında tələbələr və onları müşayiət edənlər Şamaxı şəhəri ilə o cümlədən Cümə məscidi, Şamaxı Rəsədxanası, Safari parkı ilə tanış olub, yerli icmalarla görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə